PDF Oxu

Siyasət

  • 563

Qlobal məsələlərin müzakirə olunduğu unikal platforma

image

Qlobal çağırışlarla bağlı müzakirələrin aparıldığı və onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumu növbəti dəfə əhəmiyyətli hadisələrlə yekunlaşıdı. 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndənin iştirak etdiyi IV Antalya Diplomatiya Forumuna ev sahibliyi edən Türkiyə təkcə geosiyasi məsələlərin deyil, bəşəri problemlərin də müzakirə olunduğu məkan olaraq diqqət mərkəzində oldu. Üç gün davam edən Forumda irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması kimi bir çox bəşəri məsələlər müzakirə edildi. Tədbir əsnasında bir çox ikitərəfli görüşlər, panellər, toplantılar keçirildi. İştirakçılar da öz baxışları çərçivəsində dünyanın müxtəlif bölgələrindən olan həmsöhbətləri ilə görüşmək imkanı əldə etmiş oldular. Qeyd olunanlar Forumun birləşdirici gücünü bir daha ortaya qoymuş oldu. Prezident İlham Əliyev "Bu tədbir beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biridir", - deyə bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılışında iştirak ediblər. Tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib.

DÜNYADAKI BÖHRANLARIN HƏLLİNƏ DİPLOMATİYA VASİTƏSİLƏ TÖHFƏ

Antalya Diplomatiya Forumunun əsas məqsədi dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir. Tədbir əsnasında bir çox ikitərəfli görüşlər, panellər, toplantılar keçirilib. İştirakçılar da öz baxışları çərçivəsində dünyanın müxtəlif bölgələrindən olan həmsöhbətləri ilə görüşmək imkanı əldə ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. Söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlanıb. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha diqqətə çatdırılıb. COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgilədi. COP29-un Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin sosial, iqtisadi və ekoloji inkişafına töhfə verən strateji əhəmiyyətli bir addımdır.

Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

AZƏRBAYCANDAN SURİYAYA DƏSTƏK

Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı dövlət başçımız Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik edib. Dövlətimizin başçısı bildirib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib. Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib. Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaraa bununla belə xarici amillərin bu məsələyə təsirindən narahatlığını vurğulayıb. Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub. Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub. onu da bildirək ki, dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib.

Qeyd edək ki, Türkiyənin XİN başçısı Azərbaycanla bağlı sualı cavablandıraraq belə bildirib: "Azərbaycan Prezidenti İlham Əliyev xüsusilə Suriya məsələsində Türkiyə ilə yaxın məsləhətləşmələr aparır. Azərbaycanla Suriyanın inkişafı, iqtisadiyyatı, infrastrukturu, təhlükəsizliyinə birlikdə nə cür töhfə verə biləcəyimizlə bağlı məsləhətləşmələrimiz davam edir. Təbii ki, bu mövzuda Azərbaycanın verdiyi və verəcəyi hər bir töhfə dəyərlidir. Azərbaycanın bu mövzuda Türkiyə ilə koordinasiyalı şəkildə apardığı siyasəti son dərəcə təqdir edirik".

QARŞILIQLI MARAQ DOĞURAN FİKİR MÜBADİLƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olunub. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu ilin yanvarında Azərbaycana işgüzar səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayan Gürcüstanın Baş naziri həmin görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası istiqamətində görülən işlərə toxunub. İrakli Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrimizə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirib. Dövlətimizin başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd edib.

AZƏRBAYCAN DÜNYA SİYASƏTİNDƏ MÜHÜM SÖZ SAHİBİDİR

Forum çərçivəsində növbəti dəfə Azərbaycan-Türkiyə arasındakı müxtəlif sahələri əhatə edən, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki münasibətləri ətraflı şəkildə müzakirə etmək imkanı əldə olunub. Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilərək Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib. Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisəyə çevriləcək.

Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir.

ÖZÜNƏMƏXSUS ƏMƏKDAŞLIQ MODELİ

İctimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dinamik inkişaf edən, beynəlxalq miqyasda yüksək imicə sahib olan Azərbaycan dünyada söz sahibinə çevrilib. Milli maraqlarını hər zaman qoruyan ölkəmizin beynəlxalq miqyasda özünü təsdiqləməsi, irimiqyaslı layihələrin müəllifi kimi çıxış etməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin təzahürüdür. Xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına digər təşkilatlara üzv olaraq beynəlxalq səviyyədə əməkdaşlıq münasibətlərinin qurulmasına nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövründə beynəlxalq əməkdaşlığa mühüm töhfələr verib. Azərbaycan TDT-nın da ən fəal üzvüdür. IV Antalya Diplomatiya Forumu çərçivəsində "Türk Dövlətləri Təşkilatı: Özünəməxsus bir əməkdaşlıq modeli" mövzusunda panel iclas keçirilib. Forumda, həmçinin TDT çərçivəsində gedən proseslər, o cümlədən təşkilatdan gözləntiləri əks etdirən panel müzakirəsi də aparılıb. Azərbaycan üçün ən önəmli təşkilatlardan olan TDT-in bu yaxınlarda Macarıstanda növbəti, qeyri-rəsmi Zirvəsinin keçirilməsi planlaşdırılır. Bu ilin payız aylarında isə Bakıda TDT-nin rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur.

TDT-nin irəli sürdüyü təşəbbüslərin regional və qlobal çağırışlara necə töhfə verə biləcəyi ətrafında müzakirələr aparılıb. İştirakçılar təşkilatın geosiyasi mühitin formalaşmasındakı artan rolunu təhlil ediblər. Bu təşkilat İstanbulda keçirilən Zirvə görüşü ilə tamamlanaraq 170 milyondan artıq insanı əhatə edən coğrafiyanın hədəflərinə fokuslanıb. Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib.

Göründüyü kimi, kimi, Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər