PDF Oxu

Siyasət

  • 1 135

İnkişaf, sabitlik və tərəfdaşlıq prioritetləri

image

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi və həyata keçirilən müstəqil xarici siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu artmış, dünya birliyinə inteqrasiyası sürətlənmiş, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni mərhələyə qədəm qoyulmuşdur. Azərbaycan regional təhlükəsizlik sahəsində də özünəməxsus töhfələr verir ki, bu da beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti isə regional və qlobal əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. Hazırda Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq enerji təhlükəsizliyinin təminində önəmli rol oynayan aparıcı dövlətlərdən biridir.

Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum qlobal mənzərədə baş verən dəyişikliklərin, yeni çağırışların və gələcək perspektivlərin müzakirə olunduğu mühüm platformaya çevrilmişdir.
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına geniş imkanlar yaradır. Forumun mövzusu da hazırkı dövrün əsas çağırışlarından olan yeni dünya nizamının formalaşdırılması, beynəlxalq hüquq və ədalət prinsiplərinin qorunması, eyni zamanda qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi məsələlərini əhatə etmişdir.
Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycanın türk dünyası ilə əlaqələrə daim böyük önəm verdiyini, ortaq tarix, etnik köklər və mədəni yaxınlığın bu münasibətləri daha da möhkəmləndirdiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir. Bu birliyin təzahürü işğaldan azad olunmuş ərazilərin bərpasında da aydın şəkildə müşahidə olunur.
Cənab İlham Əliyev COVID-19 pandemiyası dövründə Azərbaycanın göstərdiyi beynəlxalq həmrəylik nümunələrinə də toxunaraq, ölkəmizin 80-dən çox dövlətə, əsasən Afrika ölkələrinə maliyyə və humanitar yardım göstərdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın COP tədbirinə ev sahibliyi etməsinin qlobal gündəliyə uyğunluğunu və liderliyini nümayiş etdirdiyini bildirib.
Çıxış zamanı Azərbaycan–Gürcüstan münasibətləri də qeyd olunub. Prezident İlham Əliyev bu əlaqələrin qarşılıqlı sadiqlik və dostluq əsasında inkişaf etdiyini bildirib və Gürcüstan Baş nazirinin seçkilərdən sonra ilk xarici səfərini Azərbaycana etməsini bu münasibətlərin bariz nümunəsi kimi qiymətləndirib.
Forumda vurğulanan əsas mövzulardan biri də Ermənistan–Azərbaycan münasibətləri və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində Azərbaycanın göstərdiyi səylər olub. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın uzun illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması Cənubi Qafqazda inteqrasiya proseslərinin qarşısını alıb. Halbuki bütün region dövlətlərinin bu prosesdə iştirak etməsi mümkündür. Ermənistan “böyük Ermənistan” xülyasından imtina etmədiyi müddətcə bu potensialdan istifadə etmək mümkün olmayacaq. Cənubi Qafqazda inteqrasiyanın baş verməsi isə yalnız Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra mümkündür. Dövlət başçısı əlavə edib ki, bu proses hərbi ritorika və silahlanma fonunda həyata keçirilə bilməz.
Prezident İlham Əliyev, həmçinin Azərbaycan–Çin münasibətlərinə də toxunaraq iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinin əhəmiyyətini qeyd edib. Bu sənəd onun Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü nəticəsində qəbul olunmuş və ikitərəfli əlaqələrin daha da dərinləşməsinə təkan vermişdir. Azərbaycan və Çin arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusilə vurğulanıb. Hər iki dövlət “Bir kəmər, bir yol” təşəbbüsünün əsas hissəsi olan Orta Dəhlizin inkişafına mühüm investisiyalar yatırır.
Beləliklə, ADA Universitetində keçirilən forum bu dəfə də əhəmiyyətli fikirlər, konkret təkliflər və mühüm çıxışlarla yadda qaldı. Forum, həmçinin Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq auditoriyaya təqdim olunması baxımından da mühüm rol oynadı.

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər