PDF Oxu

Siyasət

  • 609

Heydər Əliyev Fondu: gələcək nəsillərə qayğı

image

Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb. Müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu fəaliyyəti özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir". Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi Heydər Əliyev Fondunun diqqətdə saxladığı ən vacib məsələlərdəndir. Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları onlarla internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Hətta, kimsəsiz uşaqlara ev şəraitinə uyğun mühit yaradılmışdır. Gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan Fond ölkədə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir.

HUMANİST VƏ NƏCİB ƏMƏLLƏRİN TƏZAHÜRÜ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olmaları məhz humanist əməllərin təzahürüdür. 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar.

Qeyd edək ki, körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.

Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.

Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.

Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.

Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmayıb.

Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Fondun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.

Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəlmişdir. Məktəbəqədər hazırlıq müəssisələrinin, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ölkəmizdə uşaq evi və internat məktəbi əsaslı təmir olunub və bu müəssisələrdə yaşayan uşaqların problemlərini daim diqqətdə saxlanılıb. Müasir tələblərə cavab verən uşaq evlərində inşa edilmiş hamam, üzgüçülük hovuzu, yay konsert meydançası, stadion, iclas, idman, rəqs salonları, həyətdəki yaşıllıqlar, uşaqların əl işləri muzey-sərgisi burada balacaların fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradıldığına, Fondun xeyirxah fəaliyyətinin bəhrəsinə əyani sübutdur.

SABAHIN QURUCUSU, YARADICISI

Bu günün yeniyetməsi, körpəsi sabahın qurucusu, yaradıcısıdır. Hər bir ölkənin gələcək inkişafı məhz onlardan asılıdır. Odur ki, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün dövlətimiz tərəfindən tədbirlər görülür. Bu qayğı sağlam düşüncəli, sağlam ruhlu, sağlam vücudlu insanların yetişməsi ilə yanaşı, onların vətənə bağlı, vətən sevgili vətəndaş kimi böyüməsinə xidmət edir. Təbii ki, yetişən nəslin xalqa bağlı şəkildə böyümələri və formalaşmaları hər bir dövlət üçün prioritet məsələdir. Uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Cəmiyyətimizin zərif və kövrək nümayəndələri olan uşaqların sağlamlığı üçün də bu gün ölkəmizdə hər cür şərait yaradılıb. Uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi, uşaqların qidalanması ilə bağlı məqsədli dövlət proqramları hazırlanaraq həyata keçirilib. 2006-2010-cu illəri əhatə edən "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" çərçivəsində əhəmiyyətli islahatlar aparılıb. 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Sərəncam da gənc nəslin sağlamlığının yüksək səviyyədə qorunmasına xidmət edib. Proqram çərçivəsində respublikamızda ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin kadr hazırlığının gücləndirilməsi, regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatlarının davam etdirilməsi, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyi yaxşılaşdırılıb. Zəruri vəzifələrin həyata keçirilməsi davam etdirilir.

Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 10 dekabr Sərəncamı ilə təsdiq olunmuş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın da əhəmiyyətli rolu var. Bu Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasında əhəmiyyətli rol oynayıb.

Uşaqların sağlam həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində də ciddi addımlar atılır. Sevindirici haldır ki, ölkəmizdə son illər görülən genişmiqyası işlər sırasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Bu və ya digər tədbirlər bu sahəyə dövlət qayğısının təzahürüdür.

GÖRDÜYÜ İŞLƏRDƏ TƏVAZÖKARLIQ

Heydər Əliyev Fondunun "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Bütün bu reallıqlar Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətində reallığa çevrilib.

Fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Gördüyü işlərində təvazökarlıq göstərir. "...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur", - deyə Mehriban Əliyeva bildirib. Mehriban xanım Əliyeva həqiqətən gördüyü işlərlə kimliyini, böyüklüyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur. Bu təqdimatda Azərbaycan və onun inkişafı dayanır.

Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında daha da genişmiqyaslı layihələrin həyata keçirilməsi dayanır.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər