Qədimlik və müasirliyin heyrətamiz harmoniyası olan Azərbaycanın paytaxtı doğma Bakımız gözəlləşir və müasirləşir, onun simasına bənzərsiz naxışlar vurulur, gözəl park və xiyabanlar, geniş prospektlər, meydanlar və körpülər tikilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib. Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Bu gün nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın paytaxtı Bakı hər tərəfli gözəlləşir. Dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Son illər Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək tamamilə yeni bir simadadır.
Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən "Sea Breeze" də paytaxtımıza yeni rəng əəlavə edib. Bu, dünyanın müxtəlif ölkələrdən insanları cəlb edən gözəl müasir kurort şəhəridir.
COP29 ÇƏRÇİVƏSİNDƏ "SEA BREEZE" 4 MİNƏ YAXIN QONAQ QƏBUL EDİB
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar. "Sea Breeze"də istismara verilmiş "Park Residences 2" layihəsi çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində "Sea Breeze" ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz "Park Residences 2" layihəsinin binalarında yerləşib.
Prezident İlham Əliyevə "Sea Breeze"in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verilib. Kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.
Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.
QLOBAL TURİZM XƏRİTƏSİNDƏ
Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən "Sea Breeze" gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.
Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən "Sea Breeze" 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.
Əsas layihələri sahil zolağında yerləşən "Sea Breeze" gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.
Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan "Caspian Dream Liner" süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində "Sea Breeze" qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək. İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.
"SEA BREEZE" ÖLKƏ İQTİSADİYYATINA MÜHÜM TÖHFƏ
2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.
"Sea Breeze"də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Yaxın gələcəkdə layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir. Cari yay mövsümündə akvapark, lunapark və sirk, həmçinin kurort şəhərciyinin yaxınlığında yeni yaradılan pulsuz çimərlik zonası da daxil olmaqla, yeni çimərlik zonaları açılıb. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, "Sea Breeze" ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.
EKOLOJİ CƏHƏTDƏN TƏMİZ VƏ MÜASİR TEXNOLOJİ LAYİHƏ
Qeyd edək ki, Nardaran dənizkənarı uzun illər Bakı ziyalılarını cəlb edən Azərbaycanın paytaxtı Bakıda ən gözəl şəhərətrafı olan xüsusi bir yerdir. Dəniz, qumlu çimərliklər, gözəl iqlimi olan, Bakının mərkəzindən 30 dəqiqə məsafədə yerləşən Nardaranda "Sea Breeze" qəsəbəsi real Xəzər möcüzəsidir. "Sea Breeze"-də artıq onlarla restoran və kafe, aptek və tibbi xidmətlər, məktəb və uşaq bağçası, idman meydançaları və fitnes mərkəzi, ticarət kompleksi və fasiləsiz marketlər fəaliyyət göstərir.
"Sea Breeze" istirahət mərkəzinin ərazisində yaradılan "LANDAU School" Təhsil Kompleksinin məktəbi və "The Grand" apart hoteli diqqəti cəlb edir. Məktəb binalarında kompüter sinifləri, psixoloq kabineti, laboratoriyalar, açıq və qapalı idman meydançaları var. Təlim Britaniya kurikulumuna uyğun olaraq ingilis dilində aparılır. LANDAU Məktəb kompleksinin ərazisində orta ümumi təhsillə yanaşı, məktəbəqədər təhsil üçün ayrıca bina da var. Ümumilikdə, təhsil kompleksi 1100-dən çox şagird üçün nəzərdə tutulub.
Ərazidəki ən böyük apart hotel – "The Grand" il boyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart hotelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir. Ekoloji cəhətdən təmiz, müasir və memarlıq həlləri baxımından texnoloji layihə olan "Sea Breeze" gələcəyin şəhəri kimi inkişaf edir.
İl boyu yaşamaq, rahatlıq və yaxşı istirahət üçün hər cür şərait yaradılan "Sea Breeze"də həm uşaqlar, həm də böyüklər üçün ustad dərsləri, mühazirələr və praktik məşğələlərin keçirildiyi incəsənət mərkəzi yerləşir.
BÖYÜK ŞƏHƏRSALMA LAYİHƏSİ
Bu gün Bakının siması durmadan dəyişir. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da təsirsiz ötməyib. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib". Bakı Ağ Şəhər layihəsi dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsindədir. Müxtəlif ölçülü küçələr salınıb və yolaltı kommunikasiya infrastruktur işləri aparılıb. Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb.
Dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir.
Uğurlu inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir". Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir.
Paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend hotelləri fəaliyyət göstərir. "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Beləliklə, Bakıda beşulduzlu hotellərin sayı durmadan artır.
Göründüyü kimi, şəhərimiz günü-gündən müasirləşir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır".
Nəzakət ƏLƏDDİNQIZI