Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi məxsusi müsahibə iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın mahiyyətini əhatəli şəkildə ifadə etməklə yanaşı, gələcək əməkdaşlığın əsas inkişaf istiqamətlərini də müəyyənləşdirir.
1992-ci ildə qurulan diplomatik münasibətlərin dinamikası göstərir ki, Azərbaycan və Çin arasında əlaqələr son illər ərzində daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə keçirdiyi görüşlər və ötən il Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açıb. Dövlətimizin başçısı sözügedən müsahibəsində bu Bəyannaməni tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.
İki ölkə arasında münasibətlərin əsas mahiyyəti qarşılıqlı inam və birgə inkişaf məqsədlərindən qaynaqlanır. Bu münasibətlər çoxşaxəli olmaqla iqtisadiyyat, nəqliyyat, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və humanitar sahələri də əhatə edir. Azərbaycan-Çin əməkdaşlığının dərinləşməsi üçün geniş potensial mövcuddur. Xüsusilə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsi, habelə qeyri-neft sektoru üzrə ixrac potensialının bu dost ölkəyə yönəldilməsi gündəmdədir. Bu istiqamətdə iş adamları və dövlət qurumları arasında təmasların intensivləşməsi mühüm rol oynayır.
Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində strateji mövqeyi onun regional və qlobal əhəmiyyətini daha da gücləndirir. Bu dəhlizlər daşımaların sürətlənməsi və təhlükəsizliyinə zəmanət verir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Ələt Azad İqtisadi Zonası bu istiqamətdə Azərbaycanın mövqeyini daha da gücləndirir. Çin üçün bu layihələr “Kəmər və yol” təşəbbüsünün Qafqaz və Avropa istiqamətində uğurlu icrası baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir: “Biz bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir”.
Azərbaycan və Çin beynəlxalq münasibətlər sistemində ortaq və prinsipial mövqelərə malikdir. Hər iki ölkə ədalətli dünya nizamının tərəfdarıdır, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi dəstəkləyir. Suverenliyə hörmət, daxili işlərə qarışmama və bərabərlik prinsipləri bu əməkdaşlığın təməlini təşkil edir. Bu dost dövlətlər Qlobal Cənubun bir hissəsi kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını beynəlxalq platformalarda birlikdə müdafiə edir, ədalətli və çoxqütblü beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verir.
Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycan və Çin arasında mədəni və humanitar sahələrdə də əlaqələr getdikcə genişlənir. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb. Həmçinin bu dost ölkədə Azərbaycan mədəniyyətini tanıdan tədbirlər keçirilir, belə mübadilələr xalqlar arasında qarşılıqlı anlayış və etimadın güclənməsinə xidmət edir. Eyni zamanda, tələbə mübadilələri, elmi əməkdaşlıq və turizm sahəsində təşəbbüslər ölkələr arasında uzunmüddətli dostluğun bərqərar olmasına töhfə verir. Bu əlaqələr Azərbaycan-Çin münasibətlərində yeni dinamizm yaradır və tərəflər arasında əməkdaşlığın güclənməsinə şərait yaradır.Beləliklə, Azərbaycan-Çin münasibətləri sadəcə iki ölkənin maraqlarını deyil, daha geniş coğrafi məkanın təhlükəsizlik və inkişaf arxitekturasını əhatə edir. Qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq modeli gələcəkdə daha da möhkəmlənərək beynəlxalq münasibətlərdə mütərəqqi əməkdaşlıq nümunəsi olaraq qalacaqdır.
Bədəl Bədəlov
Milli Məclisin deputatı