Paytaxt Bakımız sentyabrın 19-21-dək növbəti dəfə Formula 1 yarışlarına ev sahibliyi edəcək. Həmişə olduğu kimi, mötəbər yarış bu dəfə də öz azarkeşlərinə böyük sevinc hissini yaşadacaqdır. Azərbaycan beynəlxalq tədbirlərin təşkilində yüksək təşkilatçılıq bacarığına malik olan ölkədir. Heç şübhəsiz ki, beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycan növbəti dəfə öz təcrübəsindən yararlanaraq, Formula 1 yarışlarını da həmişə olduğu kimi, uğurla başa vuracaq. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları yarışacaqlar. İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni bir daha görmüş olacaqlar. 1950-ci ildən etibarən hər il keçirilən Formula1- in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait var. Plotlar əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar. Məlumdur ki, dünya ölkələrində keçirilən Formula 1 yarışları çərçivəsində Bakıda keçirilən ən yaxşı yarış hesab edilir. Sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan qitə və dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi edir. Avtoidman növlərinin zirvəsi kimi qəbul edilən "Formula 1" zəngin tarixə malikdir. Dünyanın ən güclü və məşhur Formula 1 yarışı 2016-cı ildən başlayararaq, paytaxtımızda keçirilir.
Yarışın keçirilmə tarixinə nəzər salsaq görərik ki, ilk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Əslində Formula 1 yarışlarının kökləri 20-ci əsrə qədər uzanır. Belə ki, Avropada 1900-cü illərin əvvəllərindən bəri avtomobil yarışları həyata keçirilirdi. 1930 və 1940-cı illərdə isə bu yarışları vahid çempionatda təşkil etmək məqsədi daşıyan bir neçə görüş keçirilsə də İkinci Dünya Müharibəsinin başlaması bu planlara mane olub. 1946-cı ildə, müharibə başa çatdıqdan sonra isə FIA (Beynəlxalq Avtomobil Federasiyası) bir sıra qaydalar toplusunu standartlaşdıraraq, sürücülər üçün çempionat keçirməyə başlayıb. Beləliklə, ilk Formula 1 yarışı 1950-ci ildə İngiltərə, Silverstounda keçirilib. Bununla yanaşı, bu idmanın yaranmasından bəri dünyanın hər yerindən olan sürücülər Fransa, İngiltərə və İspaniya kimi Avropa ölkələrində Qran Prilərdə yarışıblar. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.
Ölkəmizdə keçirilən Formula 1 yarışları yüksək standartlara cavab verib. Belə ki, yarışların keçirildiyi şəhər istər yol infrastrukturu, istərsə də qabaqcıl təhlükəsizlik tədbirlərinin təmin edilməsi baxımından yüksək standartlara cavab verir. Bakı həqiqətən də, nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi baxımından yüksək təşkilati və texniki bazaya malikdir.
QİTƏNİN İDMAN TARİXİNƏ VUURULAN MÖHÜR
İqtisadi inkişafımız da, məhz belə tədbirlərin Azərbaycanda keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə kifayət qədər idman yarışları da keçirilib ki, bu da dünyanın idman nəbzinin Bakıda döyünməsinə səbəb olub. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunmuş və bu gün də belədir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuşdu. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.
Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə əsas verir. İdman qurğuları ilə yanaşı, ölkəmizin idman sahəsində qazandıqları nəticələr də, çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları, bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.
"BİRİNCİ FORMULA 1-DƏN SONRA AZƏRBAYCANA KÜTLƏVİ TURİST AXINI BAŞLAMIŞDIR"
Birinci Avropa Oyunlarından sonra Formula 1kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu bu sahənin inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini əks etdirir. Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. "Birinci Formula 1- dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır" - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir. Statistik rəqəmlərə əsasən, deyə bilərik ki, Formula 1-ə gələn hər turist - 3000 dollar pul xərcləyir. Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya kimi ölkələrdən turist axını çox olur. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir.
Qeyd edək ki, Formula 1 yarışlarını yerində canlı izləmək üçün Bakıya hər ötən il daha çox ölkədən turist gəlməkdədir. Digər tərəfdən, oxşar artım tendensiyası yarışın televiziya tamaşaçılarının sayında da müşahidə olunmaqdadır.
Azərbaycan Qran Prisi bütün idman sevənlərə yaddaqalan anlar yaşadıb. Azərbaycan Qran Prisi öz qısa tarixində bütün idman sevənlərə yaddaqalan anlar yaşadıb. Bakı xəritəsi yüksək sürətə imkan yaradan düz yolları, sıx dönmə hissələri ilə birləşdirən unikal trekdir və onu sürücülər üçün çətin və həyəcanlı edən bir çox özəllikləri var. Həmçinin Bakının mərkəzi küçələrindən keçən yollar şəhərin siluetinin və tarixi abidələrinin heyrətamiz mənzərələrini də izləyicilərə təqdim edir. Bu yarışlar həm də beynəlxalq miqyasda diqqəti Azərbaycana yönəldərək, ölkənin dünya miqyasında nüfuzunu artırmağa kömək edib. Formula 1 həyəcanı illərdir olduğu kimi bu gün də tam sürəti ilə davam edir. Bu həyəcanı sentyabrın 19-21-də yenidəm hiss edəcəyik.
Təbii ki, yarışların ölkəmizdə keçirilməsi və turist axının artması ölkə iqtisadiyyatının bir sıra sahələrində canlanma yaratmış olur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir. Bu baxımdan ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədə təşkil olunur və Azərbaycan kütləvi yarışların keçirilməsinə tam hazırlıq vəziyyətdə olur. Artıq dünyada çox tanınan Bakı şəhər halqası Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biridir. Bakı şəhərinin gözəlliyi, təmizliyi və işıqlandırma sistemi xoş təəssürat yaradır. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 Avropa Qran prisinin paytaxtımızda keçirilməsi ölkəmizin beynəlxalq idman ictimaiyyətində qazandığı uğurun və nüfuzun göstəricisidir.
Nəzakət ƏLƏDDİNQIZI