PDF Oxu

Siyasət

  • 1 031

Bakıda TDT əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib

image

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib. SİA xəbər verir ki, “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən iclasda Təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev diqqətə çatdırıb ki, TDT-yə üzv ölkələrlə əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi ölkəmizin prioritetlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib: “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bizim ailəmiz Türk dünyasıdır”.Nazir son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını, dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətləri, DOST konsepsiyasının üstünlüklərini, işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin məşğulluğunun təminatı üçün görülən işləri diqqətə çatdırıb. O, Azərbaycanın məşğulluq və sosial müdafiə sahəsində qazandığı təcrübəni və əldə etdiyi uğurları Təşkilata üzv dövlətlərlə bölüşməkdə, habelə həmin dövlətlərin bu sahədə qazandığı təcrübəni öyrənməkdə maraqlı olduğunu qeyd edib. Bu günki görüşün ölkələrimiz üçün daha inklüziv və dayanıqlı sosial inkişaf modelinin yaranmasına töhfə verəcəyinə əminliyini bildirib.TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin mühüm prioritetlərdən olduğunu və hazırki iclasın bu məqsədə xidmət etdiyini vurğulayıb. Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan Türk dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin bu gün ilk dəfə bir araya gəlməsinin, “Türk Dünyası 2040 Vizyonu” rəhbər tutulmaqla, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi önəmini vurğulayıb.Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov əlaqələndirilmiş tədbirlərin əməkdaşlıq üçün vacibliyini, əmək bazarının inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. Türk ölkələrini ortaq köklər və ortaq strateji məqsədlər birləşdirdiyini vurğulayan Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov işçi qüvvəsinin bacarıqlarının inkişafına investisiya qoyulması, əməyin təhlükəsizliyi, sosial dialoqun gücləndirilməsi və s. sahələrdə birgə fəaliyyətin önəmini qeyd edib. Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqay ölkəsində əmək və məşğulluq, sosial müdafiə sahəsində rəqəmsal həllərin geniş tətbiqi işlərindən bəhs edib, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını vurğulayıb.Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ŞKTR-də aparılan sosial islahatlar barədə məlumat verib. O, Azərbaycanın DOST təcrübəsinin Türk dünyasında nümunəvi bir model olduğunu deyib. Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibi Sandor Czomba və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tachjanova bu günkü tədbirin əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün mühüm platforma yaratdığını bildiriblər.Daha sonra Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanıb. Sənəddə Təşkilata üzv və müşahidəçi dövlətlər arasında əmək qanunvericiliyi, əmək hüquqlarının qorunması, əmək mühitində sağlamlıq və təhlükəsizlik, gender bərabərliyi və s. istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi, bunun üçün görüləcək tədbirlər, nazirliklər arasında Əmək, Məşğulluq və Sosial Müdafiə məsələləri üzrə İşçi Qrupun yaradılması nəzərdə tutulur.

Digər xəbərlər