Zaman-zaman hər bir xalqın tərəqqisində müstəsna xidmətləri olan şəxsiyyətlər yetişir. Azərbaycan xalqı da bu baxımdan öz tarixində böyük liderlərə sahib olmuşdur və bu mənada Ulu Öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biridir. Onun millətimiz üçün göstərdiyi misilsiz xidmətlər onu Ümummilli Lider zirvəsinə yüksəltmişdir.
XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun gücləndirilməsi və ədəbi-bədii irsimizin müdafiəsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət cəmiyyətimizdə milli ruhun oyanışına təkan vermişdir.
Ulu Öndər Heydər Əliyev gələcək müstəqil Azərbaycanın təməlini təşkil edəcək sosial-iqtisadi əsasları, infrastruktur bazasını və milli kadr potensialını formalaşdırmaqla yanaşı, milli dövlətçilik düşüncəsini də aşılamışdır. Beləliklə, hər bir vətəndaş özünü Vətən qarşısında məsuliyyət daşıyan fərd kimi dərk etməyə başlamışdır.
Bu prosesin mühüm istiqamətlərindən biri də Azərbaycan dilinə göstərilən xüsusi diqqət olmuşdur. Çünki ana dili hər bir xalqın varlığının başlıca ifadəsi, onun milli kimliyinin daşıyıcısıdır. Xalqın keçdiyi tarixi yol, onun mənəvi-mədəni səviyyəsi ilk növbədə onun dilində əks olunur. Dilini itirən xalq, tarixdən silinməyə məhkumdur. Azərbaycan dili xalqımızın milli sərvətidir və bu dəyərin qorunması hər birimizin mənəvi borcudur. Bu gün dilimizin inkişaf səviyyəsi xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bir daha sübut edir.
Ulu Öndərin həyata keçirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin işıq üzü görməsi bu siyasətin nəticəsi olaraq dəyərləndirilə bilər. Azərbaycan ədəbiyyatını və milli düşüncə tərzimizi əks etdirən klassik əsərlərin latın qrafikasında yenidən nəşri də məhz dövlət başçısının təşəbbüsü ilə reallaşmışdır.
Beləliklə, minilliklər boyu formalaşaraq bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin və kimliyinin rəmzidir. Müstəqil dövlətimizin mövcudluğu isə dilimizin qorunması və dünya miqyasında layiqli yer tutması üçün mühüm tarixi fürsətdir. Bu uğurların təməlində isə məhz Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və milli dəyərlərə söykənən dil siyasəti dayanır.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri