PDF Oxu

Siyasət

  • 441

Azərbaycan-İran: münasibətlərdə səmərəli əməkdaşlıq

image

Prezident İlham Əliyev: "Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"

Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib. Genişmiqyaslı layihələrin reallaşması dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Əlbəttə ki, Azərbaycanla İran arasında münasibətlər də yeni mərhələyə daxil olub. Dövlətlərarası münasibətlərdə təkcə qonşuluq bağları deyil, tarixi köklərin bağlılığı əhəmiyyətlidir. Hər iki xalqın dili, ədəbiyyatı, adət-ənənələri və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu mədəni yaxınlıq ikitərəfli diplomatik əlaqələrin inkişafında mühüm rol oynamışdır. "Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının və təzahürüdür. Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri regionda təhlükəsizliyin dayanıqlı olması və ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan əhəmiyyətli addımdır. Bu səfər əlbəttə ki, qarşılıqlı faydalı əlaqələrin inkişafına əsaslı töhfə verəcək.

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.

"AZƏRBAYCAN VƏ İRAN ƏNƏNƏVİ OLARAQ BEYNƏLXALQ TƏŞKİLATLAR ÇƏRÇİVƏSİNDƏ BİR-BİRİNİ DƏSTƏKLƏYİR"

Hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf edir. Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda əməkdaşlıq edir. Hər iki xalq ortaq mədəniyyətə, tarixə və dinə malikdir, bunlar da xalqların və dövlətlərin yaxınlaşması üçün böyük zəmin yaradıb. "Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir", - deyən Prezident bildirib ki, bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır.

Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən - ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi, mədəni və dini yaxınlıqla daha da möhkəmlənir. Bu iki ölkənin həm coğrafi, həm də mənəvi baxımdan bağlı olduğunu əks etdirir.

ƏLAQƏLƏRİN İNKİŞAFINDA YENİ SƏHİFƏ

Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir. "Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq", - deyə Azərbaycan Prezidenti bildirib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı" və əlaqələrin inkişafında yeni səhifədir.

"BİZ, SADƏCƏ OLARAQ, ARTACAQ YÜKLƏRİ NƏZƏRƏ ALARAQ ÖZ NƏQLİYYAT İMKANLARIMIZI VƏ İNFRASTRUKTURUMUZU GENİŞLƏNDİRİRİK"

İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı, o cümlədən iqtisadi baxımdan tərəflər üçün də yeni hədəflər müəyyən edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi strateji əhəmiyyət daşıyan layihədir. Bu dəhliz İran ilə Azərbaycanın iqtisadiyyatının inkişafına yeni imkanlar yaradaraq, qarşılıqlı ticarətin də inkişafına təkan verəcək, gəlirləri artıracaq, əhalinin məşğulluğunu təmin edəcəkdir.

Bu gün Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərdən biridir. Azərbaycan və İranın strateji əməkdaşlığında Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən layihələr önəmli yer tutur. Bu dəhliz Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yoludur. "Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur", - deyən Azərbaycan Prezident bildirib. Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: "Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk".

Dəmir və avtomobil yolları, liman infrastrukturlarının modernləşdirilməsi, həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də beynəlxalq ticarətin həcminin artmasına şərait yaradır. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropanın 800 milyona yaxın əhalinin yaşadığı 40-dan çox ölkəsi ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Dəhlizin əsasını təkli edən Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib.

UZUNMÜDDƏTLİ ƏMƏKDAŞLIQ KÖRPÜSÜ

Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi iki ölkə arasında tarixi bir hadisəyə çevrildi. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi Azərbaycan və İran arasında səmərəli əməkdaşlığa töhfədir. Ən əhəmiyyətli layihələrdən biri də Azərbaycan-İran sərhədində yerləşən "Xudafərin" və "Qız qalası" hidroelektrik kompleksləri həm enerji təchizatına, həm də kənd təsərrüfatı suvarma sistemlərinin inkişafına güclü stimul verir. "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı hər iki xalq və dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin icrasıdır. Bu su bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri inkişafında önəmlidir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

Bu layihələr, "yaşıl enerji" sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. "Xudafərin" və "Qız Qalası" ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.

Azərbaycan-İran arasında bir çox sahələrdə əlaqələr mövcuddur ki, bu da həm ölkələri gücləndirir, eyni zamanda, regional əməkdaşlığa müsbət təsirini göstərir. Bölgədə sülhün və əmin-amanlığın carçısı olan Azərbaycan sülhsevər siyasətini uğurla reallaşdırır. İran Azərbaycanın yaxın qonşusudur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər