PDF Oxu

Siyasət

  • 1 008

“Sevgi ilə yaddaşda: Zərifə xanım və Heydər Əliyev”

image

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında Heydər Əliyev Məktəbinin növbəti məşğələsi baş tutub. Məşğələ “Sevgi ilə yaddaşda: Zərifə xanım və Heydər Əliyev” mövzusuna həsr olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirakçıları salamlayaraq, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib. O, Zərifə Əliyevanın Azərbaycan elminə, səhiyyəsinə və insanlara göstərdiyi fədakar xidmətlərdən bəhs edib. Vurğulanıb ki, görkəmli oftalmoloqun həyat yolu Azərbaycan qadınları üçün bir nümunə, elm fədailəri üçün isə örnəkdir.
YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva Zərifə Əliyevanın insanpərvərliyi, yüksək mənəviyyatı və peşəkar fəaliyyəti barədə geniş məlumat verib. O, Zərifə xanımın alim, ana və vətəndaş kimi kamil bir şəxsiyyət olduğunu, elmi tədqiqatlarının bu gün də Azərbaycan tibb elminə dəyərli töhfə verdiyini bildirib.
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli görkəmli alim Zərifə Əliyeva və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətlərində ortaq məqamlardan söz açıb. O, Zərifə xanımın yalnız tibb sahəsində deyil, eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasında da əvəzsiz rol oynadığını bildirib. Qeyd olunub ki, Heydər Əliyev kimi müdrik liderin yanında olan bir insanın bu qədər kamil və ülvi keyfiyyətlərə sahib olması təsadüfi deyil. O, Ulu Öndərin “Zərifə Əliyeva elmə, insanlara, Vətənə bağlılığı ilə həmişə seçilən bir insan idi” sözlərini xatırladaraq, onların hər ikisinin xalq üçün örnək olan həyat missiyasını davam etdirdiklərini bildirib.
Tədbirin sonunda diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva və Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətlərin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların ideyaları gənc nəslin formalaşmasında mühüm rol oynamaqda davam edəcəkdir.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər