Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyini görürük. Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bunu Prezident İlham Əliyevin bu günlərdə Çin Xalq Respublikasına dövlət səfəri bir daha təsdiqlədi. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması özündə bütün məqamları ehtiva edir.
Dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü oldu. Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan Birgə Bəyannamə məmnunluqla xatırlandı. Budəfəki səfər çərçivəsində imzalanan Birgə Bəyanat isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyindən xəbər verir. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə xüsusi diqqət göstərildi. Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.
Azərbaycan və Çin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Onu da qeyd edək ki, dövlət başçısının Çinə səfəri zamanı imzalanan 20-dək sənədin 6-sı bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlıdır. Azərbaycan-Çin münasibətlərinin inkişafında iqtisadi amil mühümdür. Dövlət başçısının görüşlərində, Çinin Sinxua agentliyinə müsahibəsində bu məqamlara xüsusi diqqət yönəldildi. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb. O da qeyd edildi ki, Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Azərbaycan, həmçinin ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Göründüyü kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur. Hər iki tərəf bunun üçün səylərini daha da artırır.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər