PDF Oxu

Siyasət

  • 7 633

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İran əlaqələri

image

Ölkəmiz dünya birliyində layiqli yer tutmaqla yanaşı, regional müstəvidə də mövqeyini möhkəmləndirir. Xarici siyasətdə prioritet istiqamətlərin düzgün müəyyənləşdirilməsi, bir çox dövlətlərlə qurulan əlaqələr ölkəmizi dünyada söz və nüfuz sahibinə çevirir. Prezident İlham Əliyevin Çinə dövlət səfərini buna misal göstərmək olar. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri sadəcə diplomatik protokol hadisəsi deyil, həm də dövlətlərarası münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirən mühüm siyasi gedişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin dəvəti ilə İran dövlət başçısı Məsud Pezeşkianın Bakıya səfəri son illər soyuyan münasibətləri normallaşdırmağa, iqtisadi, ticari, enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarını genişləndirməyə təkan verəcək. Səfərin məqsədi əsasən tarixi, mədəni və sosial əlaqələri möhkəmləndirməyə yönəlsə də, nəqliyyat, enerji və iqtisadi sahələrdə də yeni müqavilələr imzalandı. Ölkəmizə səfər etməmişdən öncə Azərbaycan Televiziyasına müsahibəsində İran prezidenti ikitərəfli əlaqələrin inkişafına dair açıqlama verib. Səhiyyə, müalicə, dərman, tibbi təchizat, sənaye, ticarət mədəniyyət və idman sahələrində əməkdaşlığın mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib. Qeyd etmək lazımdır ki, Azərbaycana ilk səfəri bir çox məqamlarla yaddaqalan Məsud Pezeşkian Bakıya heyranlığını bildirib. Onun "Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm" deməsi də münasibətlərin yüksək inkişaf mərhələsindən və doğmalığından xəbər verir. İran dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında - "Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam. Burada mən özümü yad hiss etmirəm. Hazırda İranda baş verən partlayışa görə çox qala bilmirəm", - deyə bildirib. Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla birgə iştirak etdiyi Azərbaycan-İran biznes forumunda qeyd edib ki, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu mənada, İran Prezidentinin Azərbaycana rəsmi səfəri regional və mehriban qonşuluq münasibətlərinin yeni arxitekturasının yaradılması istiqamətində atılan mühüm addımlardır. Eyni zamanda səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional sabitliyin bərqərar olması və iki ölkənin ümumi imkanlarından istifadə istiqamətində praktiki addım kimi qiymətləndirilməlidir. Bu, həmçinin Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa xidmət edə biləcək potensialdır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan-İran münasibətləri hər zaman sıx olub. İki qonşu dövlət arasında 1990-cı illərin əvvəllərində bir az soyuqluq olsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra normallaşdı. 1993-cü ildə İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin Azərbaycana, bir il sonra isə ulu öndər Heydər Əliyevin Tehrana rəsmi səfəri zamanı imzalanmış sənədlər İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasına təkan verdi və dövlətlərarası əlaqələrin hüquqi bazasını yaratdı.
1996-cı ilin may ayında ümummilli lider Heydər Əliyevin İrana növbəti rəsmi səfəri çərçivəsində dövlətlər arasında bir sıra iqtisadi məsələlərin həlli istiqamətində razılıq əldə olundu. Qarşılıqlı səfərlər və bağlanan müqavilələr həm Azərbaycan, həm də İranın sosial-iqtisadi həyatında mühüm əhəmiyyət daşıyırdı. Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabr ayında Tehranda keçirilən İslam Konfransı Təşkilatının zirvə görüşündə iştirakı ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadı. 2002-ci il mayın 18-də Prezident Heydər Əliyev İrana növbəti səfərini artıq dost ölkəyə gediş kimi qiymətləndirdi. Həmin səfərdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında yeni memorandum imzalandı. Bu ənənələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha müasir çalarlarla, ayrı-ayrı dövlətlərə nümunə ola biləcək tərzdə davam etdirilir. Ümumiyyətlə, ölkələrin uğurlu inkişafını şərtləndirən fundamental amillər sırasında qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması mühüm şərtdir. Azərbaycan bütün zamanlarda qonşu İranla münasibətlərə xüsusi önəm verib. Ölkələrimizin yerləşdiyi coğrafiya kommunikasiyalar və digər parametrlər baxımından son dərəcə əlverişli, həmçinin resurslarla zəngin region olduğu üçün həmişə diqqət mərkəzində olub. Mövcud vəziyyətdə qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələri gələcək inkişafa, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icrasına töhfə verəcək. İstər Azərbaycan, istərsə də İran regional əməkdaşlıq formatına böyük dəyər verir. Azərbaycan Prezidenti İlham Əliyev dost İranla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb.
Onu da qeyd edək ki, Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, yükdaşımalarda xərcləri azaldır, vaxtı qısaldır və təhlükəsizliyi təmin edir. İndiyədək nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa yaxşı nümunədir. Hər iki ölkə Şimal-Cənub dəhlizində səylərini birləşdirib. Son illər Azərbaycan bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması, Ələt-Astara avtomobil yolunun yenidən qurulması buna bariz nümunədir. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Ən əsası, son aylar Azərbaycan-İran münasibətlərində yeni dinamika, müsbət inkişaf özünü göstərir.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər