PDF Oxu

Siyasət

  • 679

Azərbaycan-İran münasibətləri möhkəm təməllər üzərində inkişaf edir - ŞƏRH

image

Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb. Ölkələrimiz və xalqlarımız arasında tarix boyu mövcud olmuş səmimi dostluq əlaqələri bu gün ən yüksək səviyyədə olan müasir dövlətlərarası münasibətlərin yaranması üçün möhkəm zəmin rolunu oynayıb. Azərbaycan ilə İran arasında olan sərhəd də məhz dostluq sərhədidir.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından müsbət strateji əməkdaşlıq üfüqləri vəd edir. Azərbaycanın regionda belə aktiv bir mövqe sərgiləməsi, ümumən regionun rifahı üçün əhəmiyyətlidir.Bu səfər son dövrlərədək İran hakimiyyətinin yürütdüyü birmənalı olmayan regional siyasət səbəbindən tərəflər arasında yaranmış bəzi anlaşılmazlıqların aradan qaldırılması istiqamətində çox əhəmiyyətli siyasi addımdır. Prezident İlham Əliyev xalqlarımızın əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşadığını və bu gün dövlətlərarası münasibətlərimizin möhkəm təməl üzərində inkişaf etdiyini vurğulayaraq İran Prezidentinin Azərbaycana rəsmi səfərini əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü kimi dəyərləndirmişdir.Bu səfərin tarixi əhəmiyyətini və siyasi perspektivini Azərbaycan prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ifadə etdi. Prezident dedi ki, "Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə - sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”.

Səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibə verərkən İran hökumətinin başçısı da öz növbəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlamasında ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin zəruriliyindən bəhs edib.

Diqqətçəkən məqamlardan biri budur ki, Pezeşkian İranın əvvəlki hökumət rəhbərlərindən fərqli olaraq Azərbaycan Respublikasına münasibətində daha səmimi münasibəti ilə seçilir. Bakıda da özünü doğma sayır, Təbrizdə olduğu kumi qürurla Azərbaycan dilində danışır, hər fürsətdə xalqlarımızın birgə tarixi köklərini, oxşar milli-mədəni dəyərlərini önə çəkir, ölkələrimiz və xalqlarımız arasında dost, qohum və qardaş münasibətlərinin inkişafına rəğbətini ifadə edir. Şübhə yoxdur ki, iki ölkə arasında formalaşmaqda olan bu müsbət tendensiya ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı münasibətlər müstəvisində yürütdüyü praqmatik siyasət nəticəsində mümkün olmuşdur. Məhz onun dəqiqliklə hesablanmış diplomatik addımları və müdrik yanaşmaları sayəsində bu gün biz İran və Azərbaycan hökumətləri arasında əməkdaşlıq tellərinin möhkəmlənməsinə şahidlik edirik.

Azərbaycanla İran hazırda beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində hər iki ölkə daim bir-birinin yanındadır.

Prezident İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin vacibliyi barədə dedikləri Cənubi Qafqazda gedən prosesləri destruktivləşdirməyə çalışan bəzi dünya güclərinə açıq-aydın mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirləri üst-üstə düşür. Cənab Prezident İlham Əliyev bu məqamın, ümumiyyətlə, İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu vurğulayıb.

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50% artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal-Cənub nəqliyyat dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır.

Birgə mətbuat konfransında İran Prezidenti Məsud Pezeşkianın “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq” - deyə bəyan etməsi İran-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi, yeni bir mərhələnin başlanğıcıdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər