PDF Oxu

Siyasət

  • 543

Möhkəmlənməkdə olan iqtisadi və siyasi əlaqələr - ŞƏRH

image

Məlumdur ki, Azərbaycan və İran qonşu, eyni zamanda tarixi, mədəni bağlılığı ilə bir-birinə yaxın ölkələrdir. Amma bu yaxın əlaqələr ticarət sahəsində özünü o qədər də göstərməyib. Statistik rəqəmlərə nəzərə saldıqda bu özünü daha aydın şəkildə büruzə verir. Qeyd edək ki, Bakı ilə Tehran arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olmasının bir sıra səbəbləri mövcuddur. İlk növbədə, beynəlxalq sanksiyaların təsiri altında olan İranın qlobal bank sisteminə çıxış imkanlarının məhdudluğu ikitərəfli ödəniş mexanizmlərinin formalaşmasını çətinləşdirir. Eyni zamanda mövcud infrastrukturun yetərsizliyi də ticarət dövriyyəsinin artım dinamikasına mənfi təsir göstərir. Xüsusilə Astara, Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrinin yükdaşıma qabiliyyətləri hələ də məhdud olaraq qalır. Bundan əlavə, hər iki ölkənin ixrac və idxal etdiyi məhsullar arasında ciddi rəqabət deyil əksinə oxşarlıq müşahidə olunur (enerji, kənd təsərrüfatı məhsulları), bu isə ticarət həcminin genişlənməsinə əngəl yaradır. Digər mühüm faktor isə siyasətlə bağlıdır. İranın bəzi regional siyasəti Azərbaycan-İran münasibətlərində vaxtaşırı gərginliklərə səbəb olub və bu da iqtisadi əlaqələrə mənfi təsir göstərib. Lakin bütün bu çətinliklərə baxmayaraq İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir edəcək. Aprelin 28-də Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumu zamanı həm Prezident İlham Əliyevin, həm də Prezident Məsud Pezeşkianın çıxışlarından aydın olur ki, hər iki lider mövcud iqtisadi əməkdaşlığın nəticələrindən tam razı deyillər. Prezident İlham Əliyev Pezeşkianın ölkəmizə səfərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu səfər və biznes forumun nəticələri əsasında qarşıdakı illərdə ticarət, iqtisadiyyat, sərmayə qoyuluşu və digər sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq. Forum çərçivəsində çıxış edən ölkə başçımız bildirdi ki, hazırkı ticarət dövriyyəsi qaneedici deyil: "Bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz. Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq. Hesab edirəm ki, burada aparıcı rol Azərbaycan-İran hökumətlərarası komissiyaya məxsusdur. Mən komissiyanın fəaliyyətini yüksək qiymətləndirirəm. Komissiyanın həmsədrləri, üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var". Azərbaycan ilə İran arasında təşkil olunan biznes forumda 400-dən çox iştirakçı qatılıb. Bu tədbir, eyni zamanda iki ölkə arasında iqtisadi etimad və qarşılıqlı inam mühitinin formalaşdığını nümayiş etdirən mühüm göstərici kimi qiymətləndirilə bilər. Qarşıdakı dövr üçün gözləntilər isə kifayət qədər yüksəkdir. Gələcəkdə keçirilməsi nəzərdə tutulan növbəti biznes forumda yalnız iştirakçıların sayının artması deyil, eyni zamanda yeni investisiya layihələrinin, ticarət sazişlərinin və birgə iqtisadi təşəbbüslərin təqdim edilməsi və praktiki nəticələr doğurması əsas məqsədlərdən biri kimi müəyyən olunur. Biznes forumun əsas məqsədi Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması və birgə layihələrin həyata keçirilməsi üçün yeni mexanizmlərin müəyyən edilməsidir. Eyni zamanda iqtisadi əlaqələrin davamlı inkişafı üçün qarşılıqlı siyasi etimadın möhkəmləndirilməsi, regional təhlükəsizlik mühitinin sabit saxlanılması və diplomatik dialoqun genişləndirilməsi mühüm şərtlərdən biridir. Prezidentlər səviyyəsində nümayiş etdirilən iradə və siyasi qərarlılıq isə bu istiqamətdə strateji zəmin yaradır.

Onu da qeyd edək ki, Azərbaycan ilə İran arasında əməkdaşlıq gündəliyinin əsas istiqamətlərindən biri kimi Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsidir. Bu dəhliz yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətə malik nəqliyyat-logistika platformasıdır. 2024-cü il ərzində bu marşrut üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 28 faiz artıb. Tranzit yükdaşımalarda isə 23 faizlik artım qeydə alınıb. Bu göstəricilər artım dinamikasını əks etdirsə də, hazırda mövcud infrastruktur və coğrafi üstünlüklər fonunda tam potensial hələ də reallaşdırılmayıb. Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsi, Ağbənd-Kəlalə avtomobil və dəmir yolu infrastrukturunun təşkili, habelə digər dəhliz komponentlərinin təkmilləşdirilməsi bu sahədə səmərəliliyin və keçid qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasına xidmət edəcək əsas layihələrdir. Bununla yanaşı, tranzit prosedurlarının sadələşdirilməsi, gömrük keçid məntəqələrinin rəqəmsallaşdırılması və yük axınlarının koordinasiyalı şəkildə tənzimlənməsi Şimal-Cənub dəhlizinin rəqabət qabiliyyətini daha da yüksəldə bilər. Eyni zamanda Araz çayı hövzəsində yerləşən su ehtiyatlarının birgə idarə olunması məsələsi də iki ölkə arasında iqtisadi və ekoloji əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə ortaq texniki komissiyaların yaradılması və su resurslarının vahid sistemlə idarə olunması həm kənd təsərrüfatı istehsalında, həm də enerji təminatında müsbət nəticələrə gətirib çıxara bilər. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və iqtisadi dirçəliş prosesinə İran iş adamlarının cəlb olunması da yeni investisiya imkanlarının reallaşdırılması baxımından aktual ola bilər.

İsmayıl Əvəzov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər