PDF Oxu

Siyasət

  • 1 078

İran-Azərbaycan münasibətlərində yeni strateji mərhələ

image

Azərbaycan və İran münasibətləri bu gün regionun təhlükəsizliyi, iqtisadi sabitliyi və mədəni harmoniyası baxımından strateji əhəmiyyət kəsb edən bir mərhələyə qədəm qoyub. Aprelin 28-də Bakıda iki ölkənin dövlət başçılarının keçirdiyi görüş bu istiqamətdə həm rəmzi, həm də real nəticələr doğuran əlamətdar hadisə olub.

Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bu münasibətlərin təkcə diplomatik səviyyədə deyil, həm də geosiyasi, iqtisadi və humanitar müstəvidə dərinləşdiyini göstərir. Siyasi münasibətlərin əsasını qarşılıqlı hörmət, qeyri-müdaxilə prinsipi və suverenliyin tanınması təşkil edir. Dövlətimizin başçısı bəyanatında bildirib: “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır”. Bu fikir Azərbaycanın İrana münasibətində səmimiyyət və ardıcıllığın olduğunu göstərir. Bu əlaqələr uzunmüddətli strateji baxışa əsaslanır. Tərəflərin suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsipinə bağlılığı Cənubi Qafqazda və Yaxın Şərqdə sabitliyin qorunmasına xidmət edir. Cənab İlham Əliyevin sözləri ilə desək: “İkitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu”.
Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar çərçivəsindəki koordinasiya da diqqətəlayiqdir. Prezident İlham Əliyevin bəyanatında bu aspekt belə vurğulanır: “İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır”. Bu ifadələr göstərir ki, Bakı və Tehran yalnız regional deyil, qlobal diplomatik platformalarda da ortaq mövqelər nümayiş etdirirlər. Azərbaycan-İran münasibətlərinin iqtisadi dayaq nöqtəsi məhz Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu dəhliz vasitəsilə Hindistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa arasında multimodal nəqliyyat infrastrukturu yaradılır ki, bu da yüz milyardlarla dollarlıq ticarət potensialını ortaya qoyur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan artıq öz ərazisində dəmir yolları, avtomobil yolları və dəniz limanı infrastrukturunu modernləşdirib və yüklərin artacağı proqnozunu əsas götürərək yeni sərmayələrə başlayıb: “Biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk, böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”.
Ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı tərəflər arasında artıq konkret göstərişlər verilib. Bu, İranla Azərbaycan arasında iqtisadi münasibətlərin yalnız tranzitlə məhdudlaşmayacağını, sənaye, enerji, kənd təsərrüfatı və digər sahələrdə də genişlənəcəyini göstərir. Xüsusilə sərhəd keçid məntəqələrinin və gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin sürətlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan və İran arasında mədəni əlaqələr sadəcə keçmişə əsaslanan sentimental bir münasibət deyil, eyni zamanda siyasi və iqtisadi münasibətlərin sabitliyini təmin edən “yumşaq güc” faktorudur. Prezident İlham Əliyev bəyanatında qeyd edib: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir”.
Bu tarixi bağların bu gün də aktual qalması, ortaq dini və mədəni dəyərlərin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanla İran arasında şiəlik məzhəbi, klassik fars və Azərbaycan ədəbiyyatı, muğam ənənələri və minillik ortaq tarix xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Bunu nəzərə alaraq, Prezident İlham Əliyev qarşılıqlı mədəniyyət tədbirlərinin yenidən bərpasını bəyan edib: “Sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək”. Bu cür tədbirlər yalnız mədəniyyətin deyil, eyni zamanda ictimai diplomatiyanın inkişafına xidmət edir. Xüsusilə gənc nəslin bu layihələrə cəlb olunması, qarşılıqlı etimadın yeni nəsillər arasında da formalaşmasına zəmin yaradır. “Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır”, – deyə dövlət başçısının qeyd etdiyi bu fikir mədəni əlaqələrin strateji səviyyədə dövlət siyasətinə çevrildiyini nümayiş etdirir.
Azərbaycan və İran arasındakı münasibətlər bu gün üç əsas sütun – siyasi etimad, iqtisadi əməkdaşlıq və mədəni-humanitar yaxınlıq üzərində qurulmuşdur. Prezident İlham Əliyevin verdiyi bəyanatlar qarşılıqlı anlayışın, qarşılıqlı faydanın və ortaq gələcəyə yönəlmiş iradənin ifadəsidir. Bu əlaqələr yalnız bugünkü regional maraqlara deyil, həm də sabahın sabitliyinə və firavanlığına xidmət edən strateji tərəfdaşlıq modelidir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər