Prezident İlham Əliyev: "Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir"
"Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir." Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşərkən dövlət başçımız bildirib. Bu Rusiyanın Patriarxı Kirillin Azərbaycana birinci dəfə deyil. "Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var", - deyə Azərbaycan Prezidenti bildirib: "Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib".
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs, bütün sahələrdə olduğu kimi, multikultural mühitin möhkəmlənməsi, o cümlədən, tolerantlıq ənənələrinin güclənməsinə də töhfələrini verməkdədir. Azərbaycanın bugünkü inkişafı dünyaya eləcə də öz qonşularına açıq olmaqla milli maraqlarını qorumağın nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır".
Rusiya ilə olan ələqələrin davamlığının göstəricisidir ki, son illərdə Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filialları ölkəmizdə fəaliyyətdədir. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Hər iki dövlətin liderlərinin imzaladığı Bəyannamə tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır.
"AZƏRBAYCANDA KONFESSİYALARARASI VƏ MİLLƏTLƏRARASI SÜLH VƏ ANLAŞMA, QARŞILIQLI DƏSTƏK HÖKM SÜRÜR"
Bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlət olan Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzi kimi tanınır. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi - ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. yaşayır. Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti və s. göstərmək olar. Bütün xalqların nümayəndələri öz ayinlərini, milli bayramlarını sərbəst şəkildə yerinə yetirirlər. Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi Azərbaycanda olan mühitin təzahürüdür. Bütün bunlarla yanaşı, Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bundan əlavə Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb. "Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür", - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçımıız onu da diqqətə çəkib ki, bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz: "Sizinlə görüşmək, ünsiyyətdə olmaq bizim üçün həmişə xoşdur. Sizi Azərbaycanda səmimi-qəlbdən bir daha salamlayıram. Azərbaycan Sizin üçün yad ölkə deyil. Biz Sizin uzun illər ərzində Azərbaycan xalqının böyük dostu olduğunuzu bilirik. Siz həmişə sözdə və əməldə bizə hörmət göstərmisiniz və əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunub saxlanılacaq".
PATRİARX KİRİLL: "SİZİN MÜBARƏK ÖLKƏNİZƏ, SANKİ BURAYA HƏMİŞƏ QANADLANIB UÇURSAN"
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill "Hansısa ölkəyə gələndə, hətta dialoqa girəndə, dövlət başçıları ilə ünsiyyətdə olanda belə, özünü heç də həmişə rahat hiss etmirsən. Çünki elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sanki buraya həmişə qanadlanıb uçursan", - deyə diqqətə çatdırıb.
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Bəyannamə dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə çıxarıb. Sənəd tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə yeni əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır. Bu sənəd postsovet məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradır.
"BİZ ƏNƏNƏVİ OLARAQ BİR-BİRİMİZƏ BÖYÜK RƏĞBƏT, HÖRMƏT, QARŞILIQLI DƏSTƏK GÖSTƏRİRİK"
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. "Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz. Bizim Prezidentimiz də siyasi jest naminə öz əqidəsini dəyişməyə meyilli deyil. O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək. Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm. Ona görə də ümid edirik ki, Siz bu əlamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz", - deyə Patriarx Kirill bildirib.
Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. "Xalqlarımız arasında münasibətlərə gəldikdə, məhz bu məsələdə hər şey sabitdir. Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir", - deyə Prezident bildirib.
Zümrüd BAYRAMOVA