Milli mətbuatımızın 150 illik tarixi yoluna nəzər salarkən, bu yolların heç də hər zaman hamar olduğu görünmür. Keçilən keşməkeşli yollar, çəkilən əziyyətlər, yaşananların hər birinin 150 illik tarixdə öz izləri var. Hələ Azərbaycanın əsr yarımlıq zamanda bir neçə ictimai-iqtisadi formasiyadan keçdiyini nəzərə alsaq, bu yollardakı maneələri görmək əsla çətin olmur.
Ötən yazıda milli mətbuatımızın yaranmasından, bu yolda Həsən bəy Zərdabinin üç illik yorulmaz fəaliyyətindən söhbət açdıq. Bəs ötən əsrin 70 ilini zəbt edən sovet quruluşunda Azərbaycan mətbuatı necə yaşadı, necə fəaliyyət göstərdi?
Sərt senzura şəraitində
Mətbuatımız 150 illik yolun 1875-ci ildən 1990-cı illərin əvvəllərinədək əhatə etdiyi dövrünü Rusiyanın sərt senzura şəraitində fəaliyyət göstərmişdir. Sovet dövrünün Azərbaycanı öz məngənəsində saxladığı 1990-cı ilədək son 70 ili Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci ilədək hakimiyyətdə olduğu illəri çıxmaq şərti ilə xalqımızın itirilmiş illəri hesab etmək olar. Hələ Heydər Əliyev həmin illərdə Azərbaycanda hakimiyyətdə olmasaydı, müstəqilliyimizin bərpasından bu günədək ölkədə həyata keçirilən işlərin təməli həmin illərdə qoyulmasaydı, 70 ilin acıları, zaman-zaman xalqa vurulan yaralar heç vaxt sağalmayacaqdı.
70 il bir xalqın düşündüyü fikrini, onu narahat edən sözü deyə bilməməsi nə demək idi? 70 il bir xalqın mətbuatının əlindən alınaraq onu milliyyətcə, dilcə, mədəniyyətcə, adətlərcə, ənənələrcə yad olan başqa bir xalqın yaratdığı imperiyanın qanunlarını diktə etməyə zorlayarkən, o, hansı vəziyyətdə düşərdi?
70 il qısa zaman deyil, 100 ilin, bir əsrin yarıdan çoxudur. 70 il mətbuatımızın özümüzə yox, rus imperiyasına xidməti millətimizdən nələri aldı, bunu hər birimiz yaxşı bilirik. Ən azından 70 il imperiyanın qanunlarına tabe olmuşuq. 70 il rus əlifbasını mətbuatımıza tətbiq etmişik. 70 il standartlardan kənara çıxmamaq cəzasına məhkum olmuşuq. 70 il mətbuatımızda yalnız rus jurnalistikası bərqərar olub. 70 il Azərbaycan jurnalisti rus mətbuatının yaranması gününü Azərbaycan mətbuatının “yaranması günü” kimi bayram edib.
Mətbuat kütlələr arasında çox böyük, təsirli təbliğat vasitəsidir. Bu vasitənin 70 il öz xalqına deyil, başqa xalqa, başqa siyasətə xidmət etməsinin nə demək olduğu bu gündən həmin illərə baxarkən daha çox hiss olunur.
1918-ci ildə əldə etdiyimiz müstəqilliyimiz əlimizdən alınmasaydı, sapı özümüzdən olan baltaların güdazına getməsəydi, itirilmiş 70 ilimiz olmasaydı, təbii ki, 90-cı illərin əvvəllərində biz 90 yaşlı müstəqil bir dövlət, mətbuatımız isə 120 yaşlı qocaman bir mətbuat olacaqdı.
Böyük cəsarət... həm də repressiyalar
Hələ 70 il mətbuatımızda çalışanlar böyük cəsarətə malik olublar ki, milli mətbuatımıza xas olan bəzi məqamları qoruyub saxlaya biliblər. Eyni zamanda 150 illik tarixi yolda Azərbaycan mətbuatı, həmçinin bu mətbuatın ağır yükünü çiyinlərində gəzdirənlər hamar yollardan çox nahamar yollarla addımlayıblar. Sovet rejimində azad söz deyənlərin repressiyalara məruz qalması, xalqı azad olmağa səsləyənlərin bir gecənin qurbanına çevrilməsi kimi hallar az olmayıb. “Əkinçi” qəzetinin nümayəndələri M. F. Axundov, S. Ə. Şirvanı, Ə. Gorani, Nəsən bəy Vəzirov, Əhsənül-Qəvaid (Hacı Məmmədsadıq), Ələkbər Heydəri, Məmmədtağı Əlizadə Şirvani, Məmnun Əlqədari kimi maarifpərvər ziyalıların məqsədi cəhalətdə olan Azərbaycan vətəndaşları üçün qəzet vasitəsilə ziya yaymaq, onları dünyadan agah etmək idi. Bu yolda “Əkinçi”dən sonrakı mətbuat orqanlarının-“Ziya”(“Ziyayi-Qafqaziyyə”1879-1884), “Kəşkül”(1883-1891), “Şərqi-Rus”(1903-1905), “Həyat”(1905-1906), “İrşad”(1905-1908), “Rəhbər”(1906), “Dəbistan”(1906-1907), “Füyüzat”(1906-1907), “Məktəb”(1911-1917), “Şəlalə”(1913-1914) və ən asası “Molla Nəsrəddin”(1906-1926) nümayəndələri bütün dövrlərdə çətin və məsuliyyətli olan mətbuatın ağır yükünü çiyinlərinə götürərək xalqın inkişafına, insanların maariflənməsinə, savadlanmasına xidmət etmiş, o dövrlərdə mətbuatın müxtəlif ideya istiqamətləri üzrə fəaliyyət göstərmiş, təzyiqlərlə rastlaşmışlar.
1919-cu ildə ölkəmizdə “Kommunist” qəzetinin nəşrinə başlanılması ilə sovet-kommunist mətbuatının əsası qoyuldu. Milli-mənəvi dəyərlərimizi qorumaq, milli mətbuatımızdan gələn ənənələri davam etdirmək istəyən ziyalılarımız repressiyanın qurbanı oldular. Faktdır ki, “Kommunist” qəzetinin Ruhulla Axundov, Əliheydər Qarayev, Həbib Cəbiyev, Ağabala Yusifzadə kimi redaktorları repressiyanın qurbanı olmuşlar.
Repressiyanın qurbanları sırasında olanların hər biri mətbuatla sıx əlaqəsi olan adamlar-yəni dövrünün ziyalıları, söz demək bacarığı, təbliğat aparmaq qabiliyyəti olan adamlar olmuşlar ki, onlar da sərt sovet rejiminin dəmir qanunlarına tabe olmadıqları üçün rejimin ölüm pəncəsindən qurtara bilmədilər.
Müstəqil ölkə, müstəqil mətbuat
Beləliklə, zaman xalqımızı müstəqilliyinə qovuşdurduqdan sonra ölkəmizdə müstəqil mətbuat formalaşmağa, tam demokratik şəraitdə fəaliyyətə başladı.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə milli mətbuatımız öz inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələnin başlanğıcında mətbuat üzərindən senzuranın götürülməsi elə ilkin variantda mətbuatın sonrakı inkişafının göstəricisi, Azərbaycanda azad mətbuatın təməlinin demokratik əsaslarla qoyulduğunun təzahürü oldu.
Prezident İlham Əliyev deyirdi: “Hər bir demokratik cəmiyyətin formalaşmasında, güclənməsində mətbuat mühüm rol oynayır. Artıq Azərbaycanda müstəqil mətbuat formalaşıbdır. Bu, cəmiyyətin inkişafı üçün çox lazımdır. Bilirsiniz ki, Ümummilli Liderimiz Heydər Əliyev də bu məsələyə daim böyük diqqət göstərirdi. Özü də baxmırdı ki, bu orqanlar hansı istiqaməti tutur, siyasi baxışları necədir. Biz ümumi dövlət qururuq. Qanunun aliliyi məsələsi çox mühümdür. Hər bir cəmiyyət, hər bir insan, hər bir mətbu orqan öz fikrini sərbəst, azad şəkildə bildirməlidir”.
Daha sonra kütləvi informasiya vasitələrinə dövlət qayğısı, milli mətbuatımızın yubileylərinin qeyd olunması barədə imzalanan sənədlər, mətbuat işçiləri üçün müasir, hərtərəfli iş şəraitinin yaradılması qısa zaman kəsiyində mətbuatın sürətlə inkişafına təkan verdi. Ölkəmizdə mətbuata göstərilən diqqət və qayğı, jurnalistlərə verilən sərbəstlik demokratik mətbuatın yaranması üçün zəmin yaratdı.
Müstəqillik illərindən əvvəl əgər jurnalist ixtisasına tək Bakı Dövlət Universitetində yiyələnmək olardısa, çox qısa zamanda Naxçıvan Dövlət Universitetində, eləcə də digər ölkə universitetlərində də jurnalist ixtisası üzrə təhsil almaq imkanı yaradıldı. Bütün bunlar isə təbii ki, ümumilikdə mətbuatımızın inkişafına təkan verən amillər idi.
Bu gün ölkəmizdə onlarla mətbu orqan nəşr olunur. Bütün dövrlərdə olduğu kimi, bu gün də mətbu orqanlar müxtəlif ideya istiqamətləri üzrə fəaliyyət göstərir. Onları təxmini olaraq aşağıdakı təsnifat üzrə qruplaşdırmaq olar:
Dövlət mətbuatı Müxalifət mətbuatı Sərbəst mətbuat Uşaq mətbuatı
Sonrakı illərdə müasir texnologiyalar, eləcə də internet həyatımıza daxil oldu ki, bütün mətbu orqanların eyni zamanda saytları, yeni informasiya agentlikləri və portallar da yaranmağa başladı. Beləliklə, Azərbaycan mətbuatı sosial media dövrünə qədəm qoydu və bu, mətbuatımızın yeni dövrdə inkişafına yeni yelkənlər açdı.
70 illik fasilədən sonra yenidən dördüncü hakimiyyətdə
Mətbuat azadlığını və bu azadlığın gücünü dərindən bilən M. Ə. Rəsulzadə deyirdi ki, cəmiyyətdə mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üç qüvvəsi, birinci qanunvericilik, ikinci-icraedici, üçüncü-hüquq orqanları. Bundan sonra mətbuat gəlir.
M. Ə. Rəsulzadə yazırdı ki, mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və fikri azad olsa, onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağıl və təfəkkürünü əlindən alıb onu bir maşına, ya cansız alətə çevirmək deməkdir.
Y. N. Zasurski qeyd edirdi ki, iqtisadi çətinliklər ucbatından keçmiş sovet respublikalarında dərc edilən qəzetlər IV hakimiyyət funksiyasını yerinə yetirmək əvəzinə özlərindən əvvəli üç hakimiyyətin əlində oyuncağa çevrildilər.
Azərbaycan Respublikası müstəqillik qazanandan sonra özünün Konstitusiyasını yaratdı. Konstitusiyanın xalqa verdiyi hüquqlardan biri də mətbuatla, söz, fikir azadlığı ilə bağlıdır. Konstitusiyanın 47-ci maddəsinin 1-ci bəndində deyilir: Hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyamızın 50-ci maddəsinin 1-ci bəndində deyilir: Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 50-ci maddənin 2-ci bəndində isə belə deyilir: Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
Azərbaycan Respublikasının Konstitusiyasının bazası əsasında qəbul edilmiş aşağıdakı qanunlar KİV-in hüquqi tənzimlənməsində birbaşa rol oynayır:
-“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Müəlliflik hüququ haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Rabitə haqqında” Azərbaycan Respublikasının Qanunu.
KİV-in hüquqi tənzimlənməsinin digər məqamlarını formalaşdırmaq üçün bir sıra fərman və sərəncamlar imzalanmışdır:
-“Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
-“Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Müstəqilliyimizin bizə bəxş etdiyi dəyərlərdən biri də o oldu ki, Milli Konstitusiyamızın qəbulu və yuxarıda adları sadalanan sənədlərin imzalanması ilə Azərbaycan jurnalisti 70 illik fasilədən sonra yenidən dördüncü hakimiyyətdə yerini aldı. Mətbuat azadlığı sayəsində ictimai fikrini müstəqil şəkildə formalaşdırmağa başladı.
Mətanət Məmmədova