“Uzun illərdir Cammu və Kəşmirdə əyalətləri ətrafında mövcud olan qarşıdurma və bunun nəticəsi olaraq 30 ildən çox dövr ərzində aparılan Hindistan-Pakistan proksi-müharibəsi və iki dövlət arasında davam edən gərginlik yenidən daha sərt və təhlükəli bir vəziyyət almağa başlayır. Hindistan və Pakistan arasında münasibətlər növbəti dəfə ciddi sınaq qarşısındadır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Ən əvvəl onu da qeyd etmək lazımdır ki, artıq region üçün xarakterik olan və hətta deyərdim ki, xroniki hal almış bu cür hadisələr sübut edir ki, regionda dövlətlərarası münasibətlər kifayət qədər həssasdır, etimadsızlıq hökm sürür və kiçicik bir qığılcım böyük alova, müharibəyə çevrilməsinə səbəb ola bilər.Son günlərdəki bu gərginliyinin pik həddə çatmasının əsas səbəb kimi isə Hindistanın Pakistanı terrorizmi dəstəkləməsi ittihamları ilə bağlıdır. Əlbəttə ki, hesab edirəm bu gərginliyin əsl səbəbləri daha dərindir. Belə ki, Hindistanın isə heç bir sübut təqdim etmədən bu hücumdan dərhal sonra Pakistan tərəfi ilə bağlı verdiyi açıqlamalar, hətta Pakistan rəsmilərinin bu iddialarını rədd etmələri, bu terror aktı ilə bağlı birgə araşdırmaların aparılması ilə bağlı edilən təkliflərə rəsmi Yeni Dehlinin reaksiyası və müharibə ritorikasına əl atması, sanki əzələ nümayişi sübut edir ki, Hindistan bölgədə gərginliyi daha da artıraraq müəyyən alt məqsədlərini nail olmağa çalışır. Daha sonra Hindistanın Hind çayının suyunu kəsmək və diplomatları ölkədən çıxarmaq kimi addımları regional sabitliyi təhlükə altına alır. Əslində bu münasibət münaqişələrin dialoq yolu ilə həlli əvəzinə təhdid və təzyiq yolu seçilməsinə, yeni qarşıdurma riskinin artırılmasına dəlalət edir. Xüsusi olaraq qeyd olunmalıdır belə bir yanaşma nə beynəlxalq hüquqa, nə də sağlam diplomatik prinsiplərə uyğundur.Digər tərəfdən həm Hindistanın, həm də Pakistanın nüvə dövləti olması, bu gərginliyin böyüyərək müharibəyə çevrilməsi ehtimallarını daha da qorxulu və təhlükəli edir. Hindistanın bu cür aqressiv davranışı təkcə Pakistan üçün deyil, bütövlükdə regionun sabitliyi və təhlükəsizliyi üçün böyük bir təhdiddir.
Sonda, Azərbayacan KİV-lərinə, oxuculara xitabən bir fikri diqqətə çatdırmağı vacib hesab edirəm: Azərbaycanın bir dövlət olaraq, bizlərin də bir vətəndaş olaraq Pakistana bir vəfa borcumuz var. Pakistan üçün belə bir çətin və təhlükəl bir zamanda bizim Pakistanın yanında olmağımız, bir sədaqət, vicdan işi olmaqla yanaşı, həm də bir vətəndaşlıq görəvidir”.
Ayşən Vəli