Yarım əsrdən artıq tarixə malik olan Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.
Dövlət başçısı İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi, həmçinin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri bütün bu məqamlara bir daha işıq saldı. Prezident İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Bu əminlik də ifadə edildi ki, səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq. Səfər daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
Ümumiyyətlə, Azərbaycanla Vyetnamın əlaqələrinin tarixi 1950-ci illərə gedib çıxır. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açıb, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan verib. 2015-ci ildə isə Vyetnamın Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri reallaşıb. Bu səfər də Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olub və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaradıb. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.
Dövlət başçısı İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatında iki ölkənin möhkəm əlaqələrindən, perspektivlərdən bəhs etdilər. Cənab İlham Əliyev bildirdi ki, müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır: “Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır”.
Səfər çərçivəsində, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi aparıldığı və burada da heç bir fikir ayrılığının olmadığı vurğulandı. Cənab İlham Əliyev bir daha bu çağırışı etdi ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.
Azərbaycan-Vyetnam əlaqələrinin dünəninə işıq salan bu məqamı da xüsusi qeyd etmək istərdik ki, hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Digər bir vacib məqam isə Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələrdir. Atılan hər bir addım əlaqələri daha da möhkəmləndirir.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri