Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla birdə mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimzin başçısı bəyanatında bu səfərin Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını, səfərin nəticələrinin uğurlu olacağına və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd edib. Sənədin çox ciddi siyasi əhəmiyyətə malik olduğunu, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırdığını vurğulayıb.
“Bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq ” - deyən ölkə başçısı Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanmasının, onların əhəmiyyətini daha da artırdığını bildirib .
Çıxışında iki ölkə arasındakı İqtisadi-ticari münasibətlərdən bəhs edən Prezident İlham Əliyev bu istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılı olduğunu, neft satışının yüksək səviyyədə olanda ticarət dövriyyəsinin artdığını, azalanda isə azaldığını diqqətə çatdırıb. “Ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”-deyə Dövlətimizin başçısı vurğulayıb.
Bəyanatında Prezident İlham Əliyev bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıqlarını, Azərbaycanın bu sahədə çox böyük potensialı olduğunu bildirib. İmzalanmış kontraktların 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracağını söyləyib. Ölkə başçısı Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirib.
“Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var”-deyən Prezident İlham Əliyev hər iki ölkədə sənayenin bu istiqamətinin kifayət qədər inkişaf etdiyini bildirib. Burada da səylərin birləşdirilməsinin, birgə müəssisələrin yaradılmasının və qarşılıqlı əməkdaşlığın fayda gətirə biləcəyini vurğulayıb.
Dövlətimizin başçısı hər iki ölkənin beynəlxalq təşkilatlardakı birgə fəaliyyətinində çox ürəkaçan olduğunu, Vyetnamın bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəklədiyini diqqətə çatdırıb. Azərbaycan və Vyetnamın Qoşulmama Hərəkatı çərçivəsində də birgə fəaliyyət göstərdiklərini bildirib. Prezident İlham Əliyev Azərbaycanın bu təsisata 4 il sədrlik etdiyini və çox gözəl bir iz buraxdığını söyləyib.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri