PDF Oxu

Siyasət

  • 551

Azərbaycan-Pakistan: həmrəylik və qardaşlığın nümunəsi!

image

Prezident İlham Əliyev: "Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk"

Böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan beynəlxalq münasibətləri, diplomatik əlaqələri də uğurla inkişaf etdirir. Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi əlaqələrin qarşılıqlı etimad və dostluğa söykəndirinin daha bir göstəricisidir. Pakistanın Baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.

Dövlətimizin başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb. Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. "Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik", - deyə Prezident çıxışlarının birində bildirmişdir.

Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. 2020-ci ilin 27 sentyabr tarixində ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan da hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldu. Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalandırılır.

HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ

Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub.

Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında da sıx əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.

Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.

Bu sahədə əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sistemində daha güclü mövqeyə sahib olmasına da şərait yaradır. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında hərbi sahədə strateji əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və yeni texnologiyalar, ortaq layihələr və təcrübə mübadiləsi bu tərəfdaşlığı daha da möhkəmlənəcək.

"BİZİM ÜÇÜN PAKİSTAN DÜNYADA ƏN YAXIN MÜTTƏFİQ ÖLKƏLƏRDƏNDİR"

Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Dövlətlərarası münasibətlərin qısa tarixi dövrünə nəzər salsaq görərik ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır. Qarşılıqlı əlaqələrin davamı olaraq 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb. Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman ifadə edib. Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.

Ölkələrarası nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində əməkdaşlıq sazişləri imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik. Azərbaycan hər zaman Pakistanın mövqeyini dəstəkləyib.

İQTİSADİ-TİCARƏT ƏLAQƏLƏRİ

Ölkələrarası iqtisadi-ticarət əlaqələri genişlənib. 2023-cü ilin iyulunda Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Lahorda "Azərbaycan Respublikasının "SOCAR Trading" şirkəti ilə Pakistan "LNG Limited" şirkəti arasında LNG yüklərinin alqı-satqısı haqqında Çərçivə Müqaviləsi"nin imzalanma mərasimi keçirilib. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.

GƏLƏCƏK ƏMƏKDAŞLIQ ÜÇÜN HUMANİST ADDIMLAR

Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ali ideallarını özündə ehtiva edir. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək və s. fondun məqsədi olaraq, özünü büruzə verir. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm prinsiplərindən yaranır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin daha da genişlənməsinə töhfəsini verir. Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının keçirilməsi də məhz xeyriyyəçilik əməllərinin göstəricisidir. Aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas lassemiya Mərkəzinə Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar, ərzaq paketləri və hədiyyələr təqdim edilib. Mehriban xanım Əliyeva çıxışlarının birində vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunub: "Çox fərəhlənirik ki, birinci layihəmiz - Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır". Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eyni zamanda, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilib. Pakistan rəhbərliyi tərəfindən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı – "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi də təsadüfi deyildi. Həyata keçirilən xeyirxah işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir. Fondun Pakistanda həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir. Fondun Pakistanda həyata keçirdiyi bütün sosial və humanitar layihələr Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət edir. Əlbəttə ki, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri səmimi münasibət və möhkəm təməllər üzərində qurulub. Mehriban xanım Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr onun Pakistana olan səmimi münasibətinin təzahürüdür.

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Şübhəsiz ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər əlaqələrin inkişafına yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələrini əhatə edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər