Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyev, qazi, Ərəbqədim ərazi partiya təşkilatının sədr müavini Ramil Rəcəbli, Qobustan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini, “Səhiyyə” ərazi partiya təşkilatının sədr müavini Xəyalə İmanova, “91”-lərdən biri, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçdiyini deyiblər. Qeyd olunub ki, iqtidar partiyası olaraq YAP Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi, dövlət və xalq qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının bundan sonra da yüksək nailiyyətlərə imza atacağına əminlik ifadə ediblər.
Sonra şəhidlərin ailə üzvlərinə xatirə hədiyyələri, rayon təşkilatının fəaliyyətində aktiv iştirakına görə bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə sona çatıb.
Tədbir rayon mədəniyyət işçilərinin təqdimatında konsert proqramı ilə davam edib.