Azərbaycan Prezidenti İlham Əliyevin "Avropa Siyasi Birliyi" formatında keçirilmiş 6-cı Zirvə toplantısında iştirakı ölkəmizin Avropa İttifaqı (Aİ) və Avropa ölkələri ilə əlaqələrinin dərinləşməsinin, yeni mərhələyə qədəm qoymasının daha bir parlaq nümunəsi kimi yadda qaldı. Bu iştirak son illərdə regionda və qlobal miqyasda dəyişən geosiyasi reallıqların fonunda Azərbaycanın artan əhəmiyyətinin bariz göstəricisidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli, eyni zamanda konstruktiv diplomatiyası, lider çevikliyi və uzaqgörən siyasəti beynəlxalq miqyasda yüksək dəyəndirilir. Onun Avropa liderləri ilə bir masa arxasında bərabərhüquqlu tərəfdaş kimi əyləşməsi və onlara qarşı öz mövqeyini açıq ifadə etməsi Azərbaycanın nə qədər müstəqil və öz maraqlarını qoruyan bir dövlət olduğunu göstərir. Bu, son illərdə Azərbaycanın apardığı uğurlu xarici siyasətin, regional sabitlik və əməkdaşlıq təşəbbüslərinin məntiqi nəticəsidir. Ölkəmizin enerji təhlükəsizliyindəki rolu, nəqliyyat dəhlizlərində strateji mövqeyi və diplomatik balansı qoruma bacarığı onu Avropa üçün etibarlı tərəfdaşa çevirib. Bu baxımdan Tirana sammiti Prezident İlham Əliyevin şəxsində Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Dövlət başçısı İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin VI Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin, söz sahibliyinin aydın mənzərəsini yaradır. "Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması mövzuları müzakirə olunub. Bu həm də bir daha sübut etdi ki, Azərbaycan regional siyasətin mərkəzində dayanır və onun iştirakı olmadan bölgədə hər hansı strateji qərarın qəbul olunması mümkün deyil. Sammit təsdiq etdi ki, Avropa İttifaqı institutları ilə gərgin dövrlərə rəğmən Azərbaycanın xarici siyasəti strateji əməkdaşlıq modelini yenidən qurmağa və Avropa ilə qarşılıqlı maraqlara və geosiyasi reallığa əsaslanan tərəfdaşlıq təklif etməyə nail olub. Belə ki, yaxın keçmişdə ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərdə müşahidə olunan gərginlik təbii ki, ciddi narahatlıq doğururdu. Bu bir sıra amillərlə, xüsusən də bəzi Avropa qurumlarının yüksək vəzifəli nümayəndələrinin ifrat qərəzli və obyektivlikdən uzaq bəyanatları ilə əlaqədar yaranmışdı. Aİ-nin ritorikasında və addımlarında Azərbaycanın milli maraqları və regional reallıqları nəzərə alınmadan xarici siyasət gündəmini diktə etmək cəhdləri aydın sezilirdi. Müşahidə olunan mənzərəni dəyişən əsas amil Prezident İlham Əliyevin ardıcıl və prinsipial xətti, qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Onun strategiyasının əsas sütunlarından biri o formatlardan imtina idi ki, orada dialoq yerini diktəyə, əməkdaşlıq isə siyasi təzyiqə vermişdi. Məhz bu yanaşma yeni platforma yaratdı - burada balans və qarşılıqlı hörmət tərəfdaşlığın müəyyənedici elementlərinə çevrildi. Qeyd edək ki, "Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi.
Yeri gəlmişkən, Azərbaycanın ictimai-siyasi həyatında "Avropa Siyasi Birliyi" ilə bağlı ən mühüm yaddaqalan məqam isə təbii ki, 2022-ci ilin Praqa sammitidir. Tarixi qələbəmizdən sonra iki il ərzində aparılan sülh prosesində dönüş nöqtəsi məhz Praqa sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı qoyulub. Praqa sammiti Azərbaycanın döyüş meydanındakı hərbi qələbəsinin nəticəsinin diplomatik və siyasi müstəvidə rəsmən təsdiqi idi. Xatırladaq ki, Praqada Prezident İlham Əliyev Fransa, Avropa İttifaqı və Ermənistanın Azərbaycana qarşı planını pozmaqla Emmanuel Makronla Paşinyanı ölkəmizin ərazi bütövlüyünü tanımağa və Alma-Ata deklarasiyasına istinad etməyə məcbur etdi. Prezident İlham Əliyev çoxgedişli uğurlu kombinasiya quraraq Makrona və Paşinyana başqa çıxış yolu qoymadı. Dövlət başçısının diplomatik liderlik qabiliyyəti və qətiyyətli iradəsi ilə İrəvanın Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıması bölgəmizdə yaşanan bütün prosesləri köklü şəkildə dəyişdi. Xatırladaq ki, bu qərar zamanı hələ Rusiya sülhməramlıları Azərbaycan ərazisində idi və separatçı rejim onların dəstəyi ilə varlığını sürdürməyə çalışırdı. Lakin Praqa sammitinin nəticələri Azərbaycanın suverenliyinin tam təmin edilməsinin bünövrəsini qoydu. Rusiyada Qarabağdan heç bir zaman çıxmayacaqlarını, hərbi mövcudluqlarını davam etdirəcəklərini iddia edən siyasilər və ermənipərəst şovinistlər Azərbaycanın ali rəhbərliyinin diplomatik qələbəsi qarşısında tam aciz bir vəziyyətə düşdülər. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi həm də ölkəmizin çoxşaxəli xarici siyasət kursunun daha müstəqil şəkildə həyata keçirilməsinə zəmin yaratdı.
Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra regionda və dünya siyasətində yeni reallıqlar baş verir. Təbii ki, belə mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri hər zaman dünya birliyinin fəal üzvü kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir. Bu gün Bakı həm Şərq, həm də Qərblə çoxistiqamətli, bərabərhüquqlu tərəfdaşlığa və ikitərəfli münasibətlərə malikdir. Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələndirici körpü rolunu oynayır. Son bir neçə ildə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi respublikamıza marağın əyani təcəssümüdür. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Bu gün ölkəmiz bütün önəmli regional və qlobal güclərlə kontruktiv əlaqələr formalaşdırır. Bu əlaqələr içərisində Çin xüsusi yer tutur. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlar olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bunun bariz nümunəsidir ki, Astanada keçirilən ŞƏT-in növbəti Zirvə toplantısı Azərbaycan Çin münasibətləri baxımından xüsusilə əlamətdar oldu. Ölkələrimiz arasında əlaqələr çoxvektorludur. Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurulub. Bu kontekstdə "Orta Dəhliz" layihəsi Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevrilir. Ona görə də iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsi ilə yanaşı, respublikamızın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsi də Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə daxil olmasına əlavə güc verir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı Bakı-Tbilisi-Qars dəmir yolu həmin dəhlizin mühüm tərkib hissəsidir. Bu yolla Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşməklə yanaşı, Çindən göndərilən yüklər Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılır. Azərbaycan Çinlə hərtərfli strateji tərəfdaşlıq əlaqələri qurur, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə əməkdaşlığa önəm verir, eyni zamanda Aİ ilə münasibətlərini normal məcrada, qarşılıqlı maraqlara cavab verən formada inkişaf etdirir. Çinlə Avropa İttifaqının bir çox aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımdan Azərbaycana ehtiyacının artması Prezident İlham Əliyevin uzaqgörən siyasi gedişlərinin və uğurlu diplomatik kombinasiyalarının nəticəsidir. Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, həmçinin beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, dövlətimizin başçısının nüfuzunun göstəricisidir. Çıxışlarında "Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir" söyləyən dövlət başçımız hədəfləri açıqlayarkən bildirir ki, dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur. Tiranada Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi. Artıq Aİ də başa düşür ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Kaya Kallasın Azərbaycan səfəri, Antonio Koştanın cənab Prezidentlə telefon danışığı, Ursula fon der Lyayenin də A.Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Aİ-nin Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunləridir.
Azərbaycan enerji istehsalçısı kimi enerji ehtiyatları ilə zəngin ölkələr və Avropa İttifaqı, eləcə də Türkiyə kimi böyük istehlakçılar arasında strateji mövqeyə malikdir. Bu, ölkəyə həm enerji tədarükçüsü, həm də tranzit ölkə kimi unikal imkan yaradır. Onun rolu yalnız karbohidrogenlərlə məhdudlaşmır, həm də təhlükəsiz və dayanıqlı enerji keçidi üçün vacib olan bərpaolunan enerji mənbələri və mineralları da əhatə edir. Enerji tədarükünün şaxələndirilməsi Avropanın enerji təminatının gələcəyi üçün əsas rol oynayır. Azərbaycan öz tərəfdaşları ilə birlikdə artıq təxminən 10 Avropa İttifaqı ölkəsinə təbii qaz tədarük edir və Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsini planlaşdırır ki, bu da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
Beləliklə, əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və müəyyən enerji resurslarına sahib olan Azərbaycan öz "gücünü" müxtəlif ölkələrin iqtisadi maraqlarını birləşdirmək bacarığında tapır. Onun Şərq və Qərb, Şimal və Cənub arasında körpü rolu bölgədə əlaqələrin və əməkdaşlığın artdığı bir dövrdə mühüm rol oynayır. Hazırda dünya nizamının qlobal dəyişikliklərinin şahidi oluruq. Xüsusilə müasir dünyada "orta güc" anlayışı yalnız miqyasla deyil, təsir dairəsi və diplomatik çevikliklə ölçülür. Kanada, Türkiyə, Cənubi Koreya kimi ölkələrin təmsil etdiyi bu modelə artıq Azərbaycan da qoşulmuşdur. Bu baxımdan Azərbaycanın iştirakı olmadan nə Qafqazda, nə Orta Asiyada, nə də Avropa-Asiya tranzitində strateji qərarlar qəbul edilə bilməz. Azərbaycanın bu statusa yüksəlməsi illərlə aparılan dövlət quruculuğunun, hərbi-siyasi balansın və beynəlxalq diplomatiyada ardıcıl davranışın nəticəsidir.
Ən əsası, ölkəmiz artıq "Avropa Siyasi Birliyi"nin sammitlərinin daimi iştirakçısı kimi tanınır və bu, ölkənin beynəlxalq müstəvidə konstruktiv və balanslı aktor rolunu təsdiqləyir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri