PDF Oxu

Siyasət

  • 444

"Yay fəslində qida məhsullarının saxlama şəraitinə diqqət olunmalıdır!" AÇIQLAMA

image

"Ərzaq məhsullarının saxlanılma və satış qaydaları fəslin dəyişməsi ilə əlaqədar olaraq, istər-istəməz dəyişir. Yay aylarında bir çox yerlərdə açıq və yarıörtülü halda ticarət obyektləri fəaliyyət göstərir. Bu da məhsulların keyfiyyətinə təsir edir". Bu fikirləri KİV-ə açıqlamasında "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib. Onun sözlərinə görə, son zamanlar səliqə-sahmanı ilə seçilən böyük marketlərdə ərzaq malları uyğun şəraitdə saxlanılır: "Amma bəzi obyektlərdə və açıq şəraitdə yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə birbaşa təsir göstərən əsas amillərdən biri də onların tələb olunan tempraturda saxlanılması, qablaşdırılması, vitrinlərdə düzgün yerləşdirilməsidir. Müşahidələr zamanı, bəzi mağazalarda qida məhsullarını, xüsusilə un məmulatlarından hazırlanmış ərzaq məhsullarını üstü açıq formada, gediş-gəliş yerlərinə yaxın hissələrə düzülmüş halda görürük. Bəzən isə vitrinə düzülməyən ərzaq malları mağazanın arxa tərəfində "anbarda" açıq şəkildə saxlayırlar. Şübhəsiz ki, mövsümə uyğun olaraq, hər bir məhsulun saxlanılma şərtləri də dəyişir. Bu şərtlərə, xüsusilə temperatur rejiminə əməl edilməməsi malların normativ-texniki sənədlərdə göstərilən yararlılıq və saxlanma müddətindən daha tez sıradan çıxmasına səbəb ola bilir ki, bu da istehlakçıların həyatı və sağlamlığı üçün ciddi təhlükə törədə bilər. Bu səbəbdən, temperatur rejiminə əməl edilməsi malların keyfiyyət və təhlükəsizliyi baxımından zəruridir."

R.Mehdiyeva onu da bildirdi ki, məhsulların həm ekoloji, həm hansı temperatur rejimində saxlanmasına olan tələblər istehsalçı tərəfindən onun etiketində və ya ona əlavə edilmiş yarlıqda qeyd olunmalıdır: "Satıcı və ya icraçı xammalın, köməkçi materialların və hazır məhsulların anbarda və ya xidmət zalında həmin temperatur rejimində saxlanmasini təmin etməlidir. Odur ki, istehlakçıların bu məsələyə - malların saxlanmasına xüsusi diqqət yetirmələri vacibdir".

Digər xəbərlər