PDF Oxu

Siyasət

  • 370

Korrupsiyaya qarşı mübarizədə ortaq iradənin təcəssümü

image

Prezident İlham Əliyev: "Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir"

Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan toplantıların yüksək səviyyədə keçirilməsinə lazımi şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın əlverişli dialoq mərkəzlərindən biri kimi tanınır. Azərbaycan dövləti tərəfindən təşkil edilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin təcəssümüdür. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub. Bu gün isə paytaxt Bakı daha bir tədbirə - BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasına ev sahibliyi edir. Vurğulayaq ki, Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə bu ölkənin korrupsiyaya qarşı mübarizə orqanı olan "Nazaha" təşkilatının əvəzsiz rolu olub.

"Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin təcəssümüdür". Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçılarına müraciətində deyilir: "Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində vacib rol oynayır".

ANTİKORRUPSİYA SAHƏSİNDƏ ÇALIŞAN PEŞƏKARLARI BİRLƏŞDİRƏN SƏMƏRƏLİ VƏ İNKLÜZİV BEYNƏLXALQ MEXANİZM

Qeyd edək ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Tədbirə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər qatılıb. Əsas mövzusu "Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları" olan Plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə olunmuş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq və s məsələlər ətrafında fikirlər irəli sürülür.

2021-ci ilin iyununda təsis olunduqdan sonra GLOBE Şəbəkəsi dünyanın hər bir regionunda olan müvafiq orqanları bir araya gətirib.

Sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə yalnız bütün dünyada korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının BMT-nin GLOBE Şəbəkəsinin çətiri altında birgə və həmrəy fəaliyyəti ilə mümkün ola bilər. Son illərdə şəbəkənin üzvlərinin genişləndirilməsi və müxtəlif beynəlxalq platformalarda potensialının artırılması istiqamətində səylər artırılır.

Azərbaycan Prezidenti bildirib ki, ölkəmiz BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verir: "Gənc platforma olmasına baxmayaraq, GLOBE Şəbəkəsi qısa müddət ərzində müxtəlif ölkələrdən antikorrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmişdir.

"AZƏRBAYCAN BU GÜN DƏ REGİONDA DAVAMLI SÜLH VƏ SABİTLİYƏ NAİL OLMAQ ÜÇÜN ÖZ KONSTRUKTİV SƏYLƏRİNİ QƏTİYYƏTLƏ DAVAM ETDİRİR"

Cənab Prezident bildirib ki, Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır: "Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi". Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: "İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir".

ÖLKƏ ƏRAZİSİNDƏ KONSTİTUSİYA QURULUŞU BƏRPA OLUNDU

Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Vurğulayaq ki, Müzəffər Ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərə qarşı qisas əməliyyatları keçirdi və düşmən layiqli cəzasını aldı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və minimum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi kimi dəyərləndirildi. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi darmadağın edildi.

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib.

Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının birində dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.

QLOBAL İQLİM ÇAĞIRIŞLARINA QARŞI MÜBARİZƏDƏ HƏMRƏYLİK

Məlumdur ki, Bakıda ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürü olaraq tarixiləşdi. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi kimi səsləndi. "Bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan dünya liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və müvafiq sahələrin mütəxəssislərini bir araya gətirməklə qlobal iqlim çağırışlarına qarşı mübarizədə həmrəylik nümayiş etdirmiş, çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləmişdir", - deyə Prezident bildirib.

COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləmiş oldu. COP29-un Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, çəkisinin göstəricisidir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin sosial, iqtisadi və ekoloji inkişafına töhfə verən strateji əhəmiyyətli bir addımdır. COP29 Azərbaycanın davamlı inkişaf yolunda beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirən mühüm bir tədbir kimi tarixiləşdi.

"MÜRƏKKƏB VƏ SÜRƏTLƏ DƏYİŞƏN ÇAĞIRIŞLAR HÜQUQ-MÜHAFİZƏ ORQANLARI ÜÇÜN QLOBAL MİQYASDA YENİ VƏ ÇOXŞAXƏLİ VƏZİFƏLƏR MÜƏYYƏN EDİR"

Azərbaycan Respublikası müstəqilliyinin bərpasından ötən dövr ərzində böyük yol qət etmişdir. Bütün sahələrdə, o cümlədən hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatlar nəticəsində davamlı inkişafa, sabitliyə nail olunmuş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin edilmişdir. "Bu gün ölkəmizin hüquq-mühafizə orqanları xarici tərəfdaşları ilə səmərəli əməkdaşlıq edərək transmilli cinayətkarlığa və bütün növ təhdidlərə qarşı mübarizəyə töhfə verirlər", - deyən dövlət başçımız müraciətində onu da diqqətə çatdırıb ki, ötən ilin payızında dünyanın müxtəlif ölkələrini təmsil edən hüquqşünasları birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağının Bakıda keçirilməsi cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizə aparmaq və bunun üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək əzmimizi bir daha nümayiş etdirdi : "Hazırda süni intellekt, rəqəmsal maliyyə sistemləri və kibermühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir".

Azərbaycan Prezidenti müraciətində bu Plenar iclasın korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açaraq bu sahədə qarşıya qoyduğumuz vəzifələrin icrasına və ortaq məqsədlərin reallaşmasına əhəmiyyətli töhfə verəcəyini əminliklə ifadə edib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər