PDF Oxu

Siyasət

  • 462

Əbədi və sarsılmaz müstəqilliyimiz

image

21 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatında Dövlət Müstəqilliyi günü münasibəti ilə “Əbədi və sarsılmaz müstəqilliyimiz” mövzusunda gənclərlə görüş keçirmişdir.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqda ətraflı məlumat vermişdir.

Seyfəddin Əliyev 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün kimi qiymətləndirib. O, cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan, Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb. “1918-ci il 28 may təkcə Azərbaycanın tarixində deyil, bütün müsəlman aləmində və türk dünyasında xüsusi bir gündür. İlk növbədə, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.

Təşkilat sədri bildirmişdir ki, hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi". Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı.Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Məhz belə bir anda - 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu. Və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu prinsiplər əsas tutularaq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün biz fəxrlə deyirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır.

Tədbirdə Dilarə Hüseynova məruzə ilə çıxış edərək Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən Dilarə Hüseynova bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər gördüyünü qeyd edib.

Tədbirdə Rövşən Qurbanov, Sevinc Bədəlbəyli, Adil Abdinov və başqaları müstəqillik yolunda xalqımızın çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun qorunmasında ümummilli liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Digər xəbərlər