Mayın 28-də Prezident İlham Əliyevin Laçın şəhərində etdiyi çıxış Azərbaycanın dövlətçilik tarixində və regiondakı yeni reallıqlar fonunda önəmli əhəmiyyət daşıyır. Laçının azad olunmasından sonra ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan liderləri bu qədim torpaqda bir araya gəldi. Bu görüş təkcə üç qardaş ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinin deyil, həm də azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa proseslərinin beynəlxalq dəstək qazandığının açıq göstəricisidir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın keçdiyi tarixi yol asan olmayıb. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın azadlıq və dövlətçilik iradəsinin təzahürü idi. Lakin bu müstəqillik cəmi iki il sonra itirildi. 1920-ci ildə Qərbi Zəngəzur bölgəsi Azərbaycandan qoparılaraq Ermənistana birləşdirildi. Bu ədalətsizliklər sonrakı onilliklərdə də davam etdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yüz minlərlə azərbaycanlı ata-baba yurdlarından didərgin salındı. Xocalı soyqırımı isə bu siyasətin ən qanlı səhifəsi oldu.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dövləti bu haqsızlıqlarla heç vaxt barışmayıb. Ölkə rəhbərliyi illər boyu həm beynəlxalq təşkilatlar çərçivəsində haqq səsini dünyaya çatdırıb, həm də iqtisadi, hərbi və diplomatik sahələrdə güclənərək işğala son qoymaq üçün sistemli şəkildə hazırlaşıb. Güclü iqtisadiyyatın və xalqın iradəsinə söykənən siyasi iradənin nəticəsi olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldı. Şuşanın azad olunması bu zəfərin simvoluna çevrildi. Ardınca Laçın, Kəlbəcər və Ağdam bir güllə belə atılmadan işğaldan azad edildi. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam bərpa olundu və separatizmə son qoyuldu.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri davam edir. Yeni xəstəxanalar, məktəblər, yollar, hava limanları və digər infrastruktur obyektləri bölgənin yenidən canlanmasına səbəb olub. Artıq 43 min insan doğma torpaqlara qayıdıb və bu rəqəmin sürətlə artacağı gözlənilir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu proses Azərbaycan dövlətinin iradəsini və gücünü nümayiş etdirir. Eyni zamanda bu ərazilərə həyatın qayıtması bölgənin əsl sahiblərinin öz yurdlarında əmin-amanlıq içində yaşamağa başladığını sübut edir.
Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə nümayiş etdirilən həmrəylik beynəlxalq arenada mühüm mesaj verdi. Prezident İlham Əliyev vurğuladı ki, bu üçtərəfli əməkdaşlıq təkcə bugünkü siyasi maraqlar üzərində deyil, ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulub. Laçından verilən birlik mesajı regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyi və yeni sahələri əhatə edəcəyi istisna edilmir.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin nəticələrini və gələcəyə olan inamını əks etdirir: “Biz qayıtmalıydıq və qayıtmışıq. Qələbə bizimlədir və bizimlə olacaq.”
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini