PDF Oxu

Siyasət

  • 824

BÖYÜK QAYIDIŞ: Laçında açılan yeni səhifələr

image

Prezident İlham Əliyev: "Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır"

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – quruculuq və inkişaf dövrünə qədəm qoyub. "İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq." Bu sözləri Laçında keçirilən 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdə Prezident İlham Əliyev çıxışında bildirib.

Bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunan, yenidən qurulan ərazilərə köç karvanları davam etməkdədir. Yenidən çiçəklənən ərazilərimiz doğma sakinlərini qarşılayır. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

44 günlük vətən müharibəsində Azərbaycan Zəfər qazandı. Vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Əlbəttə ki, 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır. Məlumdur ki, 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət proqramı"na müvafiq olaraq, işlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində bir sıra məkanlarda təməlqoyma mərasimləri, yeni müəssisələrin və s. açılışı buralarda aparılan abadlıq-quruculuq işlərinin sürətindən və davamlığının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və görülən işlərə dövlət başçımız şəxsən nəzarət edir.

BU KƏNDƏ ÜMUMİLİKDƏ 90 AİLƏ KÖÇÜRÜLƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında da iştirak edib. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.

Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Azad edilmiş ərazilərimizdə bu günə qədər artıq 40-43 min adam yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə balı tapşırıq və göstərişlərini verir. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, ərazilərimizi viran qoysalar da, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub və bu gün quruculuq meydanındadır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident qeyd etmişdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Bu gün Laçında da yeni həyat başlayan Laçında abadlıq-quruculuq işləri həyata keçirilir. "Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır", - deyə Prezident bildirib.

YENİ HƏYATIN BAŞLANĞICINDA

Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik günü ərəfəsində Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etdı. "May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı". Bu sözləri Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə söyləyib. Həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə getdiyini xatırladan dövlətimizin başçısı deyib: "O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. May ayı bundan sonra ancaq sizin üçün, bizim hamımız üçün bayram ayı kimi olacaqdır".

Azərbaycanın siyasi iradəsi, iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Vətən müharibəsindən ötən dörd il yarım müddətində işğaldan azad olunmuş ərazilərdə görülən işlər bunun təzahürüdür. Həmin ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələr həyata keçirilib.

LAÇININ BƏYLİK KƏNDİNƏ NÖVBƏTİ DƏFƏ 41 AİLƏ - 163 NƏFƏRDƏN İBARƏT KÖÇ KARVANI YOLA SALINIB

Mayın 29-da Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Bəylik kəndinə 41 ailə - 163 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 min insan yaşayır.

ÜÇÜNCÜ BEYNƏLXALQ HAVA LİMANI

Laçının həyatında növbəti tarixi hadisə mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.

Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.

Onu da qeyd edək ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda olublar.

Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verilib. Burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunub. Sərgidə "Laçın" Aqro-Sənaye Parkında, "PIRSHAGHI" ayaqqabı fabrikinin, "Gilabi Ceramics" Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, "LATIFA" Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilib. Həmçinin sərgidə "Bakı Abadlıq Xidməti", efir yağları zavodu, "Naxışlı" tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, "Həkəri" balıqçılıq təsərrüfatı da təmsil olunub. Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunmuşdu.

Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilər yeni, işıqlı həyata qədəm qoyub. Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələri ilə sözünü deyir.

Bu gün Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər