Ölkə Başçısı İlham Əliyev 28 may 2025-ci ildə Laçın şəhərində Müstəqillik Gününə həsr edilmiş konsertdə iştirak edib. Cənab Prezident həmin konsertə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifini də dəvət etmişdi.
Konsert Azərbaycan, Türkiyə və Pakistanın Dövlət himni ilə açıldı. Dövlət himninin ardınca İlham Əliyev çıxış edərək, hər kəsi Müstəqillik Günü münasibətilə təbrik etdi.
Daha sonra Cənab Prezident İlham Əliyev hər iki ölkənin rəhbərliyinə dostluq-qardaşlıq münasibətlərinə görə öz səmimi təşəkkürünü bildirərək, Azərbaycan-Türkiyə-Pakistan arasındakı əməkdaşlıq münasibətlərinin günə-günə gücləndiyini vurğuladı.
Ölkə başçısı İlham Əliyev söhbət zamanı üçtərəfli Zirvə görüşündən də söhbət salaraq qeyd etdi ki: “Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
İlham Əliyev çıxış zamanı onu da qeyd etdi ki, 44 günlük müharibə zamanı istər Türkiyə, istərsə də Pakistan Azərbaycanın yanında olub, ona dostluq-qardaşlıq əlini uzatmışdır.
Çıxış zamanı İlham Əliyev bildirdi ki, müsəlman aləmində ilk demokratik respublikanın təməli 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulsa da, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa çəkir və 1920-ci ildə sovet Rusiyası tərəfindən müstəqilliyimiz əlimizdən alınır. Həmin ərəfədə sovet Rusiyası Qərbi Zəngəzuru Azərbaycandan alaraq Ermənistana birləşdirmiş və bununla da Azərbaycan xalqı böyük haqsızlıqla üzləşmişdir.
Daha sonra Ölkə Başçısı 1991-ci ildə Sovet İttifaqının Azərbaycanda törətdiyi vəhşiliklərdən, Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi soyqırımda həlak olmuş azərbaycanlılardan bəhs etdi. Həmin ərəfədə Qarabağın bir neçə şəhər və rayonu, Azərbaycanda Müstəqillik elan edildikdən sonra isə Laçın ərazisi işğala məruz qalmışdır. O vaxtlar bu işdə Ermənistana xarici ölkələr kömək edir və beləcə, Azərbaycan ərazisinin 20 faizini itirir.
Cənab Prezident qeyd etdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və xalqı baş verənlərlə heç vaxt barışmayıb. Qarabağın işğalı zamanı Dövlət Başçısı beynəlxalq səviyyədə ölkəmizin hüquqlarının qorunması istiqamətində bütün addımların atıldığını, münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaradıldığını bildirdi. Bu gün, Azərbaycanın bu işdə uğur qazanmasının səbəbi onun güclü iqtisadiyyatının və güclü ordusunun olmasıdır.
Ölkə Başçısı onu da qeyd etdi ki, Azərbaycanda torpağa bağlı yeni gənc nəsil yetişir ki, məhz onlar 44 günlük İkinci Qarabağ müharibəsində hər gün irəli gedərək, torpaqlarımızı düşmənlərdən təmizləmiş, 300-dən çox şəhər və kəndi işğaldan azad etmişlər.
2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamış, 2023-cü ildə birgünlük antiterror əməliyyatı zamanı isə Azərbaycan suverenliyini tam bərpa etmişdir.
İlham Əliyev bu günkü tədbirdə Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin iştirakını ölkəmizə, xalqımıza göstərilən dəstək və həmrəylik əlaməti kimi dəyərləndirdi. Prezident çıxışının sonunda hər iki ölkə rəhbərliyinə öz səmimi təşəkkürünü bildirdi.
Laçın səfəri zamanı hər üç ölkə başçıları arasında yeni razılaşmalar əldə edilmiş, bir çox məsələlər yenidən müzakirə edilmişdir.
Cənab Prezident İlham Əliyevin çıxışının ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək hər kəsi salamlayıb, Azərbaycanın bütün guşələrinə öz sevgi və ehtiramını bildirdi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, hazırda buradakı tabloda üç dövlət, bir millət var. Çıxış zamanı Rəcəb Tayyib Ərdoğan müstəqilliyin necə qazanıldığını və qədər dəyərli olduğunu vurğuladı. Ölkəmizi Müstəqillik günü münasibətilə təbrik edərək, Qarabağın azadlığının Zəfərin deyil, bir millətin, necə deyərlər, yenidən dirçəlişinin səsinə çevrildiyini vurğuladı.
Rəcəb Tayyib Ərdoğan çıxışına davam edərək iki ölkə arasında enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə əməkdaşlığın qurulduğunu qeyd elədi. Çıxışın sonunda Rəcəb Tayyib Ərdoğan qonaqpərvərliyə görə öz səmimi təşəkkürünü bildirdi.
Daha sonra Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi çıxış edərək hər iki ölkə başçısını salamladı. Baş nazir Prezident İlham Əliyevi Müstəqillik günü münasibətilə təbrik edərək, bu gün bu məclisdə olmağını özü və xalqı üçün böyük şərəf hesab elədi.
Məhəmməd Şərifi 30 illik işğaldan sonra bu gün Laçın şəhərində bu cür tədbirin keçirilməsini mühüm tarixi hadisə kimi dəyərləndirərək, Azərbaycan Silahlı Qüvvələrini bu işdə göstərdikləri şücaət və cəsarətə görə təbrik edib, şəhidlərin əziz xatirəsini andı. Daha sonra o, Türkiyə Prezidenti Ərdoğana da Türkiyədə yaşayan pakistanlı bacı-qardaşlarına göstərdiyi mənəvi dəstək üçün öz minnətdarlığını bildirdi.
Çıxış zamanı Məhəmməd Şərifi hazırda Pakistanla Hindistan arasında gedən döyüş barədə də bəhs etdi. Fələstində baş verən haqsız soyqırıma münasibət bildirən Pakistanın Baş naziri bu gün Pakistan və Hindistan arasındakı son vəziyyətlə bağlı fikrini bildirdi.
Çıxış bitdikdən sonra Azərbaycan, Türkiyə, Pakistan mahnılarından ibarət konsert proqramı başladı.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi