İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövrünün enerji siyasətini və strateji nailiyyətlərini əhatə edən çıxışı ilə beynəlxalq ictimaiyyətə bir daha ölkəmizin enerji təhlükəsizliyi ilə əlaqədar uzunmüddətli və düşünülmüş yol xəritəsini təqdim etdi.
1990-cı illərin əvvəllərində yaranmış siyasi və iqtisadi böhran, eyni zamanda Ermənistanın təcavüzü müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün enerji sektoruna sərmayə cəlbi olduqca riskli və çətin görünürdü. Bu mürəkkəb və qeyri-müəyyən dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyətli liderliyi nəticəsində ölkəmizdə sabitlik bərqərar oldu və beynəlxalq neft şirkətləri ilə strateji əməkdaşlıqlar quruldu. O dövrdə imzalanmış “Əsrin müqaviləsi” yalnız iqtisadi deyil, həm də siyasi müstəqilliyin təminatına çevrildi. İnvestisiya mühiti, enerji təhlükəsizliyi və gəlirlərin sosial-iqtisadi inkişafa yönəldilməsi ölkəmizin yüksəlişinin əsas amillərindən birinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji diplomatiyası həmin strateji baxışın davamı olaraq regionda sabitliyin və əməkdaşlığın mühüm dayağı kimi çıxış edir. Hazırda ölkənin ümumi daxili məhsulunda (ÜDM) neft və qaz sektorunun payı 30 faizdən artıqdır. Bu faktor ölkənin enerji sektorunun hələ də iqtisadiyyatda əsas rol oynadığını göstərsə də, paralel şəkildə həyata keçirilən şaxələndirmə siyasəti iqtisadi sabitliyə və sosial rifaha xidmət edir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən aşağı olması və strateji valyuta ehtiyatlarının borcdan 14 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlığının nümunəvi modelini ortaya qoyur. Təhsil və insan kapitalı sahəsindəki investisiyalar nəticəsində ölkədə savadlılıq səviyyəsi 100 faizə çatıb. İnfrastruktur sahəsində isə həm regional, həm də beynəlxalq yükdaşımalar üçün müasir dəmir yolları, hava və dəniz limanları, avtomobil magistralları yaradılıb ki, bu da Azərbaycanı Avrasiya üçün tranzit mərkəzinə çevirib.
Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, eyni zamanda geosiyasi əhəmiyyət daşıyır. Xəzər dənizindən Qara və Aralıq dənizləri istiqamətində uzanan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr ölkəmizi qlobal enerji xəritəsində əsas aktorlardan birinə çevirib. Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə ixrac edir və bu rəqəm qarşıdakı illərdə daha da artacaq. Təkcə 2024-cü ildə 25 milyard kubmetr qaz ixrac olunub, 2030-cu ilədək isə bu göstəricinin 33 milyard kubmetrə çatdırılması planlaşdırılır. Yeni kəşf edilmiş yataqlardan hasilatın artması və müasir texnologiyaların tətbiqi bu məqsədlərə çatmaq üçün möhkəm zəmin yaradır. Dövlətimizin başçısı qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik: “Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib”.
Prezident İlham Əliyev çıxışında, həmçinin Azərbaycanın yaşıl enerji gündəliyinə də toxunub. 2030-cu ilə qədər ölkədə bərpaolunan enerji mənbələri əsasında 6,5 giqavat gücündə elektrik enerjisi istehsalı planlaşdırılır. Bu göstərici ümumi enerji balansının təqribən 35 faizini təşkil edəcək və həm daxili enerji tələbatının ödənilməsinə, həm də ixraca yönəlmiş qaz ehtiyatlarının optimallaşdırılmasına şərait yaradacaq. Bu məqsədlə xarici investorlarla artıq müqavilələr imzalanıb və layihələrin icrası sürətlə davam etdirilir.
Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi isə ölkənin beynəlxalq etimad qazandığını, iqlim dəyişiklikləri ilə mübarizədə konstruktiv və məsuliyyətli mövqe sərgilədiyini göstərir. Real iqtisadi əsaslara söykənən yaşıl keçid siyasəti həm enerji təhlükəsizliyi, həm də ekoloji məsuliyyət baxımından balanslı yanaşma tələb edir. Prezident İlham Əliyev vurğulayıb ki, bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır”.
Azərbaycanın strateji təşəbbüsləri və məqsədyönlü fəaliyyəti Qlobal Şimal və Qlobal Cənub arasında qarşılıqlı etimadın qurulmasına xidmət edir. Bu, ölkəmizin Avrasiyada mühüm dialoq və əməkdaşlıq platforması olduğunu bir daha təsdiqləyir.
Heydər Əsədov
Milli Məclisin deputatı