PDF Oxu

Siyasət

  • 927

YAP Laçın rayon təşkilatı “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirib

image

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, ərazi partiya təşkilatlarının sədrləri, rayon ziyalıları və YAP fəalları iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxışında bildirib ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışı, Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək, uzunmüddətli inkişaf yoluna çıxardı. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olaraq qızıl hərflərlə yazıldı.
İlqar İlyasov xüsusi vurğuladı ki, xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, milli qurtuluşun açdığı yolla dövlətimizin böyük gələcəyinə doğru səfərbər oldu. Müstəqil Azərbaycan dövlətinin qurulması və davamlı inkişafının əsasında məhz Ulu Öndərin uzaqgörən siyasəti və sosial sahəyə göstərdiyi xüsusi diqqət dayanır. Bu qayğının nəticəsi olaraq ölkəmizdə bütün sahələrdə sabitlik və tərəqqiyə nail olunub.
1 saylı ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov, rayon ziyalıları Tahir Bayramov, Abuzər Abuzərov və Sədaqət Məhərrəmova çıxış edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial müdafiə sahəsində də sistemli və məqsədyönlü islahatlar həyata keçirilib. 1993–2003-cü illər ərzində imzalanmış 60-dan artıq sənəd məhz sosial rifahın yüksəldilməsinə, sosial siyasət kursunun möhkəm əsaslarının yaradılmasına yönəlib. Bu dövrdə ölkədə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqı isə 6 dəfədən çox artıb.
Çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan öz tarixində görünməmiş bir inkişaf və tərəqqi yoluna çıxıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək şanlı Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. Bu gün həmin ərazilərdə müasir “ağıllı şəhər və kənd” konsepsiyalarına əsaslanan genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiya dəyərlərinin təbliğində və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən şəxslərə fəxri fərmanlar, partiyaya yeni qəbul olunmuş üzvlərə isə üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər