Prezident İlham Əliyev: "Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk"
Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Azərbaycan-Türkiyə əlaqələri qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Türkiyə və Azərbaycan xalqlarının Ulu Öndərləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirilmişdir. Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir.
DOSTLUQ VƏ HƏMRƏYLİYİN ƏYANİ NÜMUNƏSİ - "AZƏRBAYCAN" MƏHƏLLƏSİ
2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və "əsrin faciəsi" adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. 5373 tonluq humanitar yardımın tərkibində 9183 çadır, 145 konteyner tipli mobil ev, səhra hospitalı, səhra mətbəxi, generatorlar və digər həyati əhəmiyyətli ləvazimatlar yer aldı. Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxardı, 780 nəfərin cəsədini tapdı, ümumilikdə 3123 nəfərə tibbi yardım göstərildi. Bu yardımların ümumi maliyyə dəyəri 31 milyon 510 min 900 ABŞ dolları (53 milyon 568 min 530 AZN) təşkil etdi. Həmçinin 13 milyon 397 min 883 ABŞ dolları (22 milyon 776 min 400 AZN) birbaşa maliyyə yardımı şəklində təqdim olundu. Bu dəstək yalnız təcili yardım səviyyəsində qalmaqla kifayətlənmədi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Layihənin əlamətdar məqamlarından biri 2023-cü ilin aprelin 29-da keçirilən TEKNOFEST festivalı çərçivəsində Heydər Əliyev adına məktəbin və uşaq bağçasının təməlqoyma mərasimi oldu. Bu mərasimə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldılar. Daha sonra, 2023-cü ilin sentyabrında Naxçıvanda iki ölkə arasında bu layihəyə dair Əməkdaşlıq Sazişi imzalandı. Nəticədə 2024-cü ilin sentyabrında Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı baş tutdu. Məktəb tədrisin və uşaqların fərdi inkişafının yüksək səviyyədə təşkili üçün bütün zəruri avadanlıq və tədris materialları ilə təmin edilib.
Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Sözügedən layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. "Azərbaycan" məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Əminliklə demək olar ki, bu layihə və göstərilən yardımlar təkcə Azərbaycan və Türkiyə arasında deyil, bütövlükdə Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmininə töhfə verən nadir nümunədir.
Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır.
Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı möhkəm təmələ əsaslanır. Bu birlik, ümumilikdə Türk dünyasının birliyinə böyük töhfə və çağırışdır. Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi tarixin bütün sınaqlarından şərəflə çıxıb, hər iki dost ölkə daim biri-birinin yanında olub və yanındadır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan sonadək Azərbaycan xalqının yanında olduğunu böyük qürur hissi ilə qeyd etmişdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya "Azərbaycan tək deyil" mesajı, sonadək mənəvi və siyasi dəstəyini göstərməsi Azərbaycana güc verdi.
"ŞUŞADA DALĞALANAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARI BİZİM BİRLİYİMİZİ GÖSTƏRİR"
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təzahürüdür. Vətən müharibəsində qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri qardaşlıq, dostluq mesajının daha bir təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk". Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsinin Vətən müharibəsində bir daha şahidi olduq. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Cənab Prezidentin vurğuladığı kimi, "Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı"
REGİONUN İNKİŞAFINA MÜHÜM TÖHFƏLƏR
Əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin yüksəlməsində Azərbaycan və Türkiyə prezidentlərinin mühüm rolu var. Qeyd edək ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Qardaş ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il yanvarın 14-də qurulub. 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə isə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin isə hazırda Gəncədə və Naxçıvanda baş konsulluqları fəaliyyət göstərir.
İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır.
Ölkələrimizin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirilmiş fəaliyyət, qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNİN İNKİŞAFININ YOL XƏRİTƏSİ
2021-ci ildə Türk dünyanının mədəniyyət paytaxtı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik sənədi Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının yol xəritəsidir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi sayılır. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik qardaş dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin açılması iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib rol oynayacaq. Hazırda ölkələrimiz arasında elə sahə yoxdur ki, yüksək səviyyədə inkişaf etməsin. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir.
Dövlətlərarası mövcud münasibətlər, eləcə də türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən biridir. "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün Türk dünyası üçün də mühüm rol oynayır. Biz Türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk", - deyə Azərbaycan Prezidenti bildirib.
Zümrüd BAYRAMOVA