25 iyun 2025-ci il tarixdə YAP Masallı rayon təşkilatı “Konstitusiya və Suverenlik” ili çərçivəsində Masallı Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Ulu Öndər Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyası” mövzusunda görüş keçirmişdir.
Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Azərbaycan təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli vətənidir. Bütün Türk dünyasının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyev Öz parlaq nitqlərində, məzmunlu çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni - müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə təkrar etmişdir.
Natiq qeyd etmişdir ki, genişmiqyaslı layihələri, çoxşaxəli fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna, duyğusuna vətənpərvərlik toxumları səpən Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik şüuru, dil, mədəniyyət, vicdan azadlığı, iqtisadiyyat, elm konsepsiyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Heydər Əliyevin milli şüur - vətənpərvərlik şüuru elmi konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır.
Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov çıxış edərək bildirmişdir ki, Ulu öndərin fikrincə, Vətən yalnız insanların toplumu olan, sadəcə, coğrafi ərazi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, bəxti, taleyi, gücü, qüdrəti, ədəbi səcdəgahıdır. Bugünkü, müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, ağlını, zəkasını, öz xalqına, millətinə həsr etmiş Ulu öndərimiz Heydər Əliyevin bizlərə müasir nəsillərə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
Tədbirdə iştirak edən Arzu Hüseynova, Günay Xəlilova və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Dahi Rəhbərin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən söhbət açıblar. Vurğulanıb ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.