PDF Oxu

Siyasət

  • 1 094

Nizami, peşəkar və dövlətə sadiq

image

“Azərbaycan Silahlı Qüvvələri bu gün həm texniki imkanları, həm peşəkar heyəti, həm də mənəvi-ideoloji hazırlığı ilə regionun ən güclü ordularından biridir. Ordumuzun bu möhtəşəm inkişaf yolunun təməlində isə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi dayanır.” Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Deputat qeyd edib ki, Azərbaycanın ordu quruculuğu tarixi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır: “Hələ sovet dövründə – 1970-ci illərdə Heydər Əliyev milli zabit kadrlarının hazırlanmasına xüsusi diqqət ayıraraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. Bu addım təkcə hərbi təhsilin deyil, gələcəkdə müstəqil ordunun formalaşması baxımından da strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə ölkədə yaranmış siyasi böhran və hərbi dağınıqlıq şəraitində Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan Ordusunun dirçəlişində dönüş nöqtəsi oldu. Onun rəhbərliyi ilə ordu quruculuğu sistemli şəkildə yenidən təşkil olundu, nizami, peşəkar və dövlətə sadiq ordu modeli formalaşdı. 1998-ci ildə isə məhz Heydər Əliyevin təşəbbüsü ilə 26 iyun – Silahlı Qüvvələr Günü rəsmi dövlət bayramı kimi təsis edildi. Bu qərar orduya və qəhrəman hərbçilərimizə verilən yüksək dəyərin ifadəsi idi”.
S.Salmanova vurğulayıb ki, Azərbaycan Ordusunun XXI əsrdə regionun aparıcı hərbi gücünə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasətin nəticəsidir: “Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ordumuz texniki baxımdan müasirləşdirilmiş, peşəkar zabit və əsgər heyəti formalaşdırılmış, milli hərbi sənaye qurulmuşdur. Prezident İlham Əliyevin əsas məqsədi müstəqilliyini qoruyan, xalqın dəstəyinə arxalanan və beynəlxalq standartlara uyğun bir ordu yaratmaq idi. Bu məqsədə tam şəkildə nail olunub. Azərbaycan Ordusu bu gün həm döyüş meydanında, həm də informasiya müharibəsində qalib gəlməyi bacaran, qlobal təhlükəsizlik sisteminə töhfə verən müasir və qalib ordudur. Bu uğurların zirvəsi isə 2020-ci ilin 44 günlük Vətən Müharibəsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu milli hədəf olan ərazi bütövlüyünü bərpa etdi, düşməni darmadağın etdi və tarixə “qalib dövlət – qalib ordu” anlayışını həkk etdi”.
Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Qələbə təsadüfi deyildi. Bu, onilliklər ərzində qurulan möhkəm təməlin, strateji liderliyin və xalqın vahid iradəsinin nəticəsi idi:

“Müharibə dövründə Ali Baş Komandanın siyasi və diplomatik sahədəki çevik qərarları, informasiya cəbhəsində üstün mövqeyi və orduya olan sarsılmaz inamı qələbənin ideoloji və praktiki əsasını təşkil etdi. Şuşanın azad olunması əməliyyatı isə hərb tarixində misilsiz qəhrəmanlıq və yüksək taktiki düşüncə nümunəsi kimi yadda qaldı. Bu əməliyyat sübut etdi ki, Azərbaycan Ordusu yalnız müasir texnika və silahla deyil, həm də ruh yüksəkliyi, intizam və vətənə sədaqətlə qələbə qazanır”.
Parlamentari əlavə edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri müasir tələblərə tam cavab verən, yüksək döyüş hazırlığına malik olan qüdrətli bir orduya çevrilib: “Ordumuzun bu səviyyəyə çatmasında həm kadr potensialının gücləndirilməsi, həm də silah sistemlərinin müasirləşdirilməsi mühüm rol oynayır. Peşəkar zabit heyətinin yetişdirilməsi, gənc hərbçilərin müasir təlim metodikası ilə hazırlanması və beynəlxalq hərbi təhsil proqramlarına inteqrasiya Azərbaycan Ordusunun intellektual və operativ potensialını əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı, texniki silahlanmanın modernləşdirilməsi istiqamətində də ardıcıl addımlar atılır. Pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silah sistemləri, yerli istehsalın inkişafı və strateji müttəfiqlərlə hərbi əməkdaşlıq nəticəsində Azərbaycan Ordusu qabaqcıl hərbi texnologiyalarla təmin olunub. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi tapşırığı yerinə yetirməyə tam hazır və qadirdir”.

Digər xəbərlər