PDF Oxu

Siyasət

  • 748

Şəhid ailələrinə və müharibə əlillərinə sosial dəstək TƏHLİL

image

Azərbaycanda dövlət sosial siyasətinin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla layihələr icra olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə Zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

"DÖVLƏT ÖZ ÜZƏRİNƏ NƏ DÜŞÜRSƏ ETMƏLİDİR VƏ EDƏCƏK"

Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Dövlət başçısı çıxışlarının birində qeyd etdiyi kimi, "Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək". Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Prezident İlham Əliyev çıxışlarının birində vurğladığı kimi, "Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir"
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı tədbirləri davam edir. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə məlum Sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Sərəncamda qeyd edilən 2021-2025-ci illər dövrü 2021-2030-cu illər olaraq müəyyən edilib.

ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ 7,8 MİN AVTOMOBİL VERİLİB

Hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) bununla bağlı vəsait də nəzərdə tutulub. Mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra qeyd etdiyimiz kimi, 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib, bu il isə daha 1000 mənzil verilməsi nəzərdə tutulub.
Əlbəttə ki, dövlət başçısının bu kateqoriyadan olan insanların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi məmnunluq yaradır. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu, dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir.
Müharibə əlillərini əhatə edən mühüm proqramlardan biri də avtomobillə təminatdır ki, bu proqram çərçivəsində müharibə əlilləri avtomobillə təmin olunurlar. Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumilikdə ötən dövrdə 7,8 min avtomobil verilib.
2020-2025-ci illər ərzində şəhid ailələrinin üzvlərindən 1200 nəfərə qədəri müalicəyə göndərilib. Bu addımlar onu göstərir ki, dövlətimiz tərəfindən bu qəbildən olan insanlar təkcə evlə təmin olunmur, eləcə də bu və ya digər sosial addımların atılması da onların təminatına yönəldilib.

İyulun 1-dən Azərbaycan Prezidenti İlham Əliyevin məlum Fərmanı ilə müavinət və təqaüdlər artırıldı. Belə ki, şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü – 700 manat, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarından asılı olaraq - 81-100 faiz pozulmasına görə (I dərəcə) - 600 manat; 61-80 faiz pozulmasına görə (II dərəcə) - 500 manat; 31-60 faiz pozulmasına görə (III dərəcə) - 400 manat müəyyən edilib. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2000 manata çatdırılıb.
Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb. Yeri gəlmişkən onu da qeyd edək ki, dövlətimizin başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.
Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da, şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər