Məlum olduğu kimi, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycan üçün mühüm bir hadisədir. Sözügedən sammit ölkəmizin müasir siyasi kursunun, iqtisadi hədəflərinin və regional liderliyinin göstəricisi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, ECO-nun 17-ci Zirvə görüşünün məhz Xankəndi şəhərində keçirilməsi həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Otuz il müddətində Ermənistanın işğalı altında olan şəhərin azadlığa qovuşduğu qısa müddətdə bu cür beynəlxalq tədbirlərə evsahibliyi etməsi Azərbaycanın suverenliyi kontekstində mühüm hadisədir. Ölkəmizdə keçirilən sammit zamanı ECO çərçivəsində ilk dəfə olaraq gənclər, qadınlar və biznes nümayəndələrinin forumları da təşkil olunub. Bu, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daha demokratik və inklüziv bir əməkdaşlıq modelini təşviq etdiyini göstərir. Bu yanaşma ölkəmizin həm daxili, həm də xarici siyasətində sosial ədalət, təmsilçilik və vətəndaş cəmiyyətinin gücləndirilməsi prinsipinə verdiyi önəmi əks etdirir.
Yeri gəlmişkən, qeyd edək ki, ECO-nun fəaliyyət dairəsi nəqliyyat, sənaye, kənd təsərrüfatı, enerji, iqlim dəyişikliyi və elm-təhsil sahələrini əhatə edir. Sözügedən sammitin Xankəndi şəhərində keçirilməsi həm də regionun beynəlxalq iqtisadi sistemə açıq olduğunu nümayiş etdirir. Qarabağ regionunda davam edən bərpaetmə işləri fonunda bu tədbir ECO üzvü olan ölkələrə real investisiya imkanlarını yerində görmək fürsəti yaradacaq, yenidənqurma, "yaşıl enerji" və regional logistika kimi sahələrdə mümkün əməkdaşlıq imkanlarını sərgiləyəcək. Eyni zamanda tədbir çərçivəsində ECO-nun elm və təhsil fondlarının fəallaşdırılması və gənclərin qərarların hazırlanmasına cəlb olunması çağırışı da səsləndirilib. Bu, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan uzunmüddətli insan kapitalının inkişafı baxımından önəmlidir. Qarabağın yalnız fiziki deyil, intellektual və sosial reabilitasiyası da bu istiqamətdə dəyərləndirilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Xankəndidə sammitin təşkili həm də Azərbaycanın beynəlxalq aləmdə artan diplomatik nüfuzunu təsdiqləyir. Bu, təkcə ölkəmizin suverenliyinin nümayişi deyil, həm də beynəlxalq təşkilatlar içində təşəbbüskar aktora çevrilməsinin sübutudur. Təşkilata üzv olan ölkələrin iştirakı həm Qarabağ məsələsində Azərbaycanın mövqeyinin gücləndirilməsi, həm də gələcək iqtisadi əməkdaşlıq üçün strateji zəminin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Xankəndidəki 17-ci sammit Azərbaycan üçün beynəlxalq legitimliyin gücləndirilməsi, regional iqtisadi inteqrasiyanın təşviqi, bərpa olunmuş ərazilərin diplomatik reinteqrasiyası və sosial inklüzivliyin təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir.
Ən əsası, sözügedən tədbir onu göstərir ki, Azərbaycan sülh, əməkdaşlıq və inkişaf üçün yeni bir regional model qurmaqda qərarlıdır. ECO-nun 17-ci sammiti ölkəmiz üçün regional iqtisadi inteqrasiyanın təşviqi baxımından əhəmiyyətlidir.
Anar Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini