PDF Oxu

Siyasət

  • 505

Azərbaycanda yeni Milli Parklar

image

Dövlət başçısının Sərəncamı ilə Axar-Baxar və İlisu milli parkları yaradılır

Azərbaycan təbiətinin əsrarəngsizliyi onun milli parklarında bir daha özünü göstərir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. Milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edir. Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Axar-Baxar və İlisu milli parkları yaradılacaqdır. Sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır. Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılacaqdır. Eləcə də Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılacaq.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3 min 500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cü ildə yaradılmış Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. Daha sonra Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.

RƏNGARƏNG TƏBİƏT KOMPLEKSLƏRİNƏ MALİK 10 MİLLİ PARK

2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılan Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Buradakı bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

Şirvan Milli Parkında qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir, qanunla qorunur.

Ağcabədi və Beyləqan rayonlarının ərazisində olan Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir.

Ötən il ərzində ölkənin müxtəlif ərazilərini əhatə edən milli parklarımızı 224 min 638 turist ziyarət edərək təbiətin bizə bəxş etdiyi gözəlliklərdən zövq alıb. Ən çox ziyarət olunan milli parklar arasında ilk üçlükdə Göygöl, Şahdağ və Abşeron milli parkları yer alıb.

Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır. Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri var. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87, dövlət təbiət qoruqları 1,39, dövlət təbiət yasaqlıqları isə 4,05 faizini təşkil edir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər