İqor Korotçenko Paşinyanın Brüssel danışıqları haqqında: Parlament seçkilərində qalib gəlmək üçün baş nazirə Ermənistanın Avropaya inteqrasiyası ideyasını təbliğ etmək vacibdir
Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri Ursula fon der Leyen və Antonio Kosta ilə apardığı üçtərəfli danışıqları şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- İqor Yuryeviç, Ermənistanın baş naziri Paşinyan Brüsseldə Avropa Komissiyasının rəhbəri fon der Leyen və Avropa Şurasının prezidenti Kosta ilə kifayət qədər əlamətdar görüş keçirib. Üçtərəfli danışıqların yekununda Avropa İttifaqının Ermənistana davamlı dəstəyindən, o cümlədən maliyyə dəstəyindən bəhs edən bəyanat qəbul edilib. Beləliklə, “Global Gateway” strategiyası çərçivəsində Aİ-nin Ermənistana investisiyaları 2,5 milyard avroya çatacaq. Avropa İttifaqının respublikada “müstəqil media”nı gücləndirmək üçün 1,5 milyon avroluq yeni paket ayıracağı da açıqlanıb. Brüssel danışıqlarından sonra Paşinyan Makronu görmək üçün Parisə uçub...
- Nikol Paşinyanın həm Brüsselə, həm də Parisə səfərinə Ermənistanda daxili siyasi vəziyyətin mürəkkəbləşməsi və Ermənistanın hazırkı baş nazirinin gələn il keçiriləcək parlament seçkiləri öncəsi seçicilərin gözündə siyasi mövqeyini gücləndirmək üçün Avropa İttifaqına stavka edərək onun siyasi və iqtisadi dəstəyini təmin etmək istəyi kontekstində baxmaq lazımdır. Paşinyan həm də rəqiblərinə onu dəstəkləyən nüfuzlu qüvvələrin olduğunu nümayiş etdirir.
Paşinyanın Brüssel danışıqları zamanı qapalı məsləhətləşmələr də aparılıb. Mövzular arasında, görünür, Ermənistan ərazisində region dövlətlərinə qarşı agent şəbəkəsinə çevrilmiş ilk növbədə kəşfiyyat tapşırıqlarını həll edən Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin genişləndirilməsi olub. Çox güman ki, müzakirələr respublikada öz maraqlarını təşviq etmək üçün Qərb pullarından istifadə edəcək müxtəlif QHT-lərə Aİ-nin dəstəyi ilə bağlı olub. “Müstəqil media”ya dəstək üçün 1,5 milyon avro qəpik-quruşdur, mən hesab edirəm ki, QHT-lərə dəstək üçün ayrılan vəsaitin məbləği ən azı 10 dəfə çoxdur, sadəcə, bu barədə danışmırlar.
Paşinyanın parlament seçkilərində hakimiyyətdə qalmasına və partiyası vasitəsilə parlamentə nəzarət etməyə imkan verəcək nəticə ilə qalib gəlməsi üçün Ermənistanın Avropaya inteqrasiyası ideyasını təbliğ etməsi vacibdir. Brüsselə səfər, Aİ-nin yüksək rütbəli rəsmiləri ilə görüş və onların Ermənistana davamlı dəstəyini elan etmələri Paşinyana seçkiqabağı gözəl mənzərə yaratmağa imkan verəcək, daha sonra Ermənistan vətəndaşlarına vizasız gediş-gəliş, Aİ-yə üzvlük (sonuncu heç vaxt baş verməyəcək, lakin buna baxmayaraq, bu, erməni seçicilərinin müdafiəsini qazanmaq üçün şirnikləndirici vəddir) şəklində bir “kök” göstərəcək. Ermənistanın baş naziri Brüssel səfəri ilə vətəndaşlara verdiyi vədlərlə gözəl mənzərə əldə etməyə çalışır, sonra isə bu mənzərəni mümkün qədər yaymaq niyyətindədir.
Biz başa düşürük ki, qlobal geosiyasi oyunda- Rusiya ilə kollektiv Qərbin toqquşmasında Paşinyan Rusiya Federasiyasına qarşı müxalif qüvvələrin tərəfində oynayır.
- Ermənistan rəsmilərinin İrəvanın Rusiya ilə müttəfiqliyinə yenidən baxmağı planlaşdırmadığı və ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətində olması barədə son zamanlar dəfələrlə səsləndirdiyi bəyanatları xatırlayırıq. Bu, yenə də qarşıdan gələn parlament seçkilərində daha çox səs toplamaq məqsədi daşıyan oyun sayıla bilərmi?
- Qeyd etmək istərdim ki, eyni fonda Ermənistanın hakim partiyasının rəsmilərinin Moskvaya ünvanladığı Rusiya əleyhinə bədxah bəyanatları, təhdidləri hələ də eşidilir. Ona görə də qulağımıza tökülən “unksiyaya” boyun əyməyə ehtiyac yoxdur. Baş verən hadisələrin mahiyyətini, Paşinyan və komandasının həll etdiyi məqsəd və vəzifələri hər kəs anlayır. Bu, Rusiyaya dost olmayan qüvvədir, Moskva bunu başa düşür. Və təbii ki, Moskvanın narahatlığını nəzərə alsaq, Ermənistanın indiki baş naziri Moskva ilə müttəfiqlikdən və Aİİ-yə üzvlükdən əldə etdiyi iqtisadi gəliri itirmək istəmədiyi üçün tarazlıq yaratmağa, taktiki manevr etməyə çalışır.
Eyni zamanda, o, daxili siyasi meydanı ən təhlükəli rəqiblərdən təmizləyir. Bu gün görülən hər şeyə bir ildən sonra keçiriləcək parlament seçkiləri prizmasından baxmaq lazımdır.
- Ermənistanda həbs edilən rusiyalı biznesmen Samvel Karapetyan bildirib ki, o, Paşinyana qarşı fəaliyyət göstərəcək yeni siyasi qüvvə yaradır. Nəzərə alsaq ki, son illər müxalifət indiki baş naziri vəzifəsindən uzaqlaşdıra bilməyib, Karapetyanın bununla bağlı perspektivləri necədir?
- Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin dəyişdiyini görürük, indi ona Andranik Simonyan başçılıq edir- o, 100 faiz Paşinyanın kadrıdır. Beləliklə, MTX müəyyən əməliyyat və kəşfiyyat imkanlarına malik alət kimi indi Paşinyanın siyasi rəqiblərinə qarşı işləyəcək.
Eyni zamanda Nikol Paşinyanın hərəkətlərinin kifayət qədər ardıcıl olduğunu söyləmək olar. Karapetyanın maliyyə resurslarında və imkanlarında təhlükə görən Paşinyan və komandası problemi həll edir: biznesmenin aktivlərini milliləşdirməklə onun Ermənistanda baş verənlərin daxili prosesinə təsir imkanlarını minimuma endirmək.
Üstəlik, bu və ya digər şəkildə onun həbs müddətinin bu və ya digər əsaslarla uzadılacağı göz qabağındadır. Və əgər nə vaxtsa Karapetyan Ermənistanda azad olunsa, ilk növbədə o, qaçırılacaq, əmlakının müsadirə edilməsi ilə bağlı maddələr düşünüləcək. Paşinyan ölkədə məhkəmə və inzibati sistemə nəzarət edir, ona görə də Karapetyanın həbsdə olarkən verdiyi hər hansı bəyanatlar onun daha çox aktivlərini itirməsi ilə nəticələnir. Ermənistanın hazırkı baş naziri riskləri və təhdidləri mükəmməl başa düşür və ardıcıl olaraq Karapetyanın Ermənistanda malik olduğu maliyyə və resurs bazasına qarşı fəaliyyət göstərir.
- Paşinyan fəal şəkildə can atdığı məsələyə- katolikosu aradan qaldırmağa nail olacaqmı?
- Hələlik bunu demək mümkün deyil. Bu, kifayət qədər qeyri-adi vəziyyətdir, ölkə lideri ilə dini iyerarxiya arasında qarşıdurma olduğu zaman bu artıq münaqişədir. Müasir siyasi tarixdə belə bir şey xatırlamıram. Əgər Paşinyan bu şəkildə Erməni Apostol Kilsəsinə hücum etsə, onda özünü əmin hiss etdiyi aydın olur, əks halda bunu etməzdi. Ehtimal etmək olar ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Apostol Kilsəsinin rəhbərliyinə qarşı əməliyyat-kəşfiyyat və əməliyyat-texniki tədbirlər həyata keçirir ki, bu da hazırkı baş nazirə ÜEK-da gedən proseslərə nəzarət etmək və bütün planlardan xəbərdar olmaq imkanı verir. Görünür, MTX agentləri kilsəyə soxulub və vəziyyəti içəridən işıqlandırırlar. Paşinyan indi “demokratik” diktator ruhunda hərəkət edir, o, yumşaq əlcəklərlə ona qarşı çıxmaq cəhdlərini boğur.
Tərcümə - Elçin Bayramlı