Bakı, Azərbaycan – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin icra etdiyi "Sosial mediada təhlükəsizliyini qoru!" layihəsi çərçivəsində ilk maarifləndirici təlim uğurla keçirilib. Layihənin əsas məqsədi gənclər arasında rəqəmsal savadlılığı artırmaq və təhlükəsiz onlayn mühit yaratmaqdır.
Təlimin açılışında çıxış edən "İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Aytac Kərimova bildirdi ki, "Sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də şəxsiyyətimizi və dəyərlərimizi əks etdirən bir platformadır. Məqsədimiz – gəncləri fişinq hücumları, fırıldaqçılıq və digər rəqəmsal təhlükələrdən qorumağa yönəlmiş bilik və bacarıqlarla təchiz etməkdir."
İki gün davam edən təlim proqramı kibertəhlükəsizliyin əsasları və praktiki bacarıqlara həsr olunub.
1-ci sessiya: Kibertəhlükəsizliyin Əsasları
Sosial media üzrə mütəxəssis Rəsul Mehdiyevin təqdim etdiyi bu sessiyada iştirakçılar kibertəhlükəsizlik anlayışı, əsas risklər və CIA Triadı ilə tanış oldular. Təlimdə güclü parol yaradılması, iki faktorlu autentifikasiya (2FA), VPN, firewall və ictimai Wi-Fi təhlükəsizliyi kimi mövzular üzrə praktiki biliklər verildi.
2-ci sessiya: Praktiki Tətbiqlər və Qabaqcıl Mövzular
Abbas Pənahovun apardığı sessiyada zərərli proqramlar, məlumatların şifrələnməsi, antivirus və backup strategiyaları, həmçinin şəxsi kibertəhlükəsizlik planlarının hazırlanması mövzularına toxunuldu. Təlimdə fişinq e-poçtlarının tanınması, təhlükəli kontentin analizi və şəbəkə ayarlarının düzgün qurulması üzrə praktik məşğələlər keçirildi. Rəsul Səlimzadə də sosial mühəndisliklə bağlı real nümunələrlə çıxış etdi.
Layihə çərçivəsində təlimlərin sonunda iştirakçılar "Coursera" platformasında London Universitetinin təqdim etdiyi "Kibertəhlükəsizliyin əsasları" mövzusunda onlayn kursa qoşulublar. Bir ay davam edəcək və üç moduldan ibarət olan bu kursu uğurla başa vuran iştirakçılara London Universitetinin rəsmi sertifikatı təqdim olunacaq.
"İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi bu layihə ilə gənclərin rəqəmsal təhlükələrə qarşı maariflənməsinə və texnologiyadan məsuliyyətli istifadə mədəniyyətinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.