Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı, Qarabağın yeni tarixi mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Bu beynəlxalq tədbirin Şuşada keçirilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasından sonra bölgənin bərpası və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Forumda səsləndirilən fikirlər Azərbaycanın gələcək strateji yol xəritəsini, xüsusilə də Qarabağ regionunda aparılan bərpa və quruculuq işlərinin əsas istiqamətlərini əhatə edir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, artıq üçüncü dəfədir ki, belə nüfuzlu beynəlxalq tədbir Qarabağ torpağında təşkil olunur. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artması və bölgənin post-münaqişə dövründə sabit inkişafa doğru irəliləməsinin mühüm göstəricisidir. Dövlət başçısı qeyd etdi ki, Qarabağda aparılan infrastruktur və sosial layihələr təkcə bölgənin tam inteqrasiyasını təmin etmək məqsədi daşımır, həm də bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi üçün strateji əhəmiyyət kəsb edir.
Böyük Qayıdış proqramı çərçivəsində artıq əhəmiyyətli nəticələr əldə olunub. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bərpa işləri sistemli və mərhələli şəkildə aparılır. Yol-nəqliyyat infrastrukturu, sosial obyektlər, enerji təminatı və kommunikasiya xətləri sürətlə yenidən qurulur. Eyni zamanda, müasir yaşayış kompleksləri inşa edilir və vətəndaşların doğma torpaqlarına təhlükəsiz və dayanıqlı şəkildə qayıdışı təmin olunur. Bu, bölgədə sosial sabitliyin və ictimai rifahın təminatı üçün əsas şərtdir.
Forumda diqqət çəkən əsas məqamlardan biri də Qarabağda tətbiq olunan yaşıl enerji və “ağıllı şəhər” konsepsiyası oldu. Prezident İlham Əliyev vurğuladı ki, bu ərazilərdə enerji təminatı tamamilə bərpaolunan mənbələr əsasında qurulur. Bu yanaşma yalnız ekoloji cəhətdən deyil, həm də iqtisadi dayanıqlılıq baxımından bölgənin gələcəyini təmin edəcək. Qarabağ regionu innovativ inkişaf modelinə çevriləcək və bu, Azərbaycanın yaşıl gündəliyinə ciddi yanaşdığını nümayiş etdirir. Gələcəkdə bu konsepsiya bölgənin sosial və texnoloji inkişafına yeni imkanlar açacaq.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Qarabağ yalnız Azərbaycanın daxili məsələsi kimi deyil, həm də regional əlaqələrin və əməkdaşlığın mərkəzinə çevrilmək potensialına malikdir. Zəngəzur dəhlizi kimi iri layihələr bütün regionun nəqliyyat və logistika xəritəsini dəyişdirəcək. Bu, təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz və region üçün yeni iqtisadi fürsətlər yaradacaq. Qarabağ regionu bu baxımdan regional sabitliyin və iqtisadi əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevriləcək.
Azərbaycanın sülhə, əməkdaşlığa və dialoqa olan sadiqliyi Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandı. Qarabağda yaradılan yeni reallıqlar əsasında Cənubi Qafqazın sabit, təhlükəsiz və rifahlı gələcəyi üçün geniş imkanlar açılır. Azərbaycan bu prosesin təşəbbüskarı və aparıcı qüvvəsi kimi regional liderliyini daha da möhkəmləndirir. Beynəlxalq media nümayəndələrinin və tədbir iştirakçılarının Şuşada toplaşması Azərbaycanın informasiya şəffaflığına və beynəlxalq dialoqa verdiyi önəmin bariz nümunəsidir.
Könül İbrahimova
Yap yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya institutu üzrə ərazi partiya təşkilatinin sədri