Zəngin və şərəfli inkişaf yolu qət etmiş Azərbaycan mətbuatının yaranmasından 150 il ötür. Bu münasibət ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır. Bu, əlamətdar tarixin yüksək səviyyədə bayram edilməsinə, onun ictimai, hüquqi və mədəni əhəmiyyətinin bir daha vurğulanmasına xidmət edir.
150 il bundan öncə, 22 iyul 1875-ci ildə böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan mətbuatı xalqımızın mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmış, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanmasında misilsiz rol oynamışdır.
Zaman-zaman müxtəlif çətinliklərlə və ciddi maneələrlə üzləşən milli mətbuatımızın müstəqillik dövründə tərəqqisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə daim milli medianın inkişafına xüsusi diqqət göstərib. Onun rəhbərliyi ilə bu sahədə ardıcıl və səmərəli addımlar atılıb. KİV üzərində senzuranın aradan qaldırılması, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul edilməsi, KİV-in maddi-texniki şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Ümummilli Liderimizin milli jurnalistikanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının məntiqi nəticəsi kimi “Jurnalistlərin dostu” seçilməsi bunun bariz nümunəsidir.
Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də milli mətbuatımızın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Qanunvericilik bazası zənginləşdirilib, Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atılıb, media nümayəndələrinin əməyi yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” seçilib. Bu gün dövlət başçısının iradəsi əsasında media sahəsində çox mühüm islahatlar həyata keçirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Bu isə Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə çox mühüm töhfədir. Eyni zamanda, son illərdə yaradılmış Azərbaycan Media Agentliyi və Media Reyestri sistemi mətbuatın hüquqi və institusional inkişafına yeni töhfə verir.
Yeniləşən dünyada təbiidir ki, informasiyanın ötürücü vasitələri də yenilənir. Bugünkü müstəqil azad mətbuatımız televiziyalarımız, internet saytlarımız milli maraqlarımızı müdafiə etmək, milli mədəniyyətimizi, mənəvi dəyərlərimizi qorumaq üçün vacibdir. Qalib dövlətin işğaldan azad olunmuş torpaqlarını dirçəltmək, düşmənə qarşı həmişə hazır olmaq kimi prinsiplər maarifçilik missiyasının tərkib hissəsidir.
Sevindirici haldır ki, Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ən əsası, milli mətbuatımız 44 günlük müharibə zamanı olduğu kimi, postmüharibə dövründə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşa olunmasında, bütövlükdə milli maraqların qorunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan milli mətbuatı 150 illik şərəfli yolu ilə söz azadlığının, demokratik dəyərlərin və hüquqi dövlət quruculuğunun mühüm dayaqlarından birinə çevrilmişdir. Bu yubiley yalnız tarixi xatırlamaq deyil, həm də gələcəyə baxmaq, müasir medianın üzərinə düşən hüquqi və ictimai məsuliyyətləri yenidən dəyərləndirmək üçün bir fürsətdir.
Ümumiyyətlə “Sözün gücü ilə yazılan tarix” ifadəsi milli mətbuatımızın mahiyyətini dəqiq əks etdirir. 150 ildə sözün işığı ilə xalqın yolunu nurlandıran mətbuat bu gün də öz missiyasına sadiqdir. Azərbaycan milli mətbuatı - 150 ilin tarixi, bu günün qüruru və gələcəyin təminatıdır.
Milli Mətbuatın 150 illik yubileyi münasibətilə Azərbaycan mətbuatının nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri