Prezident İlham Əliyev: "Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb"
Qarabağın incisi Şuşa daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumu keçirildi. Musiqi beşiyi olan Şuşa işğaldan azad olunandan sonra bir neçə tədbirlərə ev sahibliyi edərək, qoynundan Azərbaycanla bağlı olan həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq, mesajlar verir. "Qafqazın Konservatoriyası", Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa torpağına ayaq basan hər kəsdə bu torpağa məhəbbət yaranır. Burada "Xarıbülbül" musiqi festivalı və Vaqif Poeziya Günləri bərpa edildi. Zəfər Qurultayı keçirildi. Daha sonra bir-birinin ardınca beynəlxalq tədbirlərə ev sahibliyi edərək, tarixi salnaməsinə unudulmaz günləri həkk etdi. Azərbaycanın ictimai-siyasi, mədəni həyatının təntənəsinə çevrilən Şuşada hələ neçə-neçə tədbirlər baş tutacaqdır. Bu gün şəhid jurnalistlərimizin də ruhu şaddır ki, qanları axıdılan torpaqlarımız azad nəfəs alır. Onların vətənində, azad Şuşada dünya ölkələrinin mətbuat nümayəndələri toplaşırlar.
Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir.
"ƏN MÜHÜM MÖVZULARIN MEHRİBAN ŞƏRAİTDƏ AÇIQ MÜZAKİRƏLƏRİNƏ BÖYÜK EHTİYAC VAR"
Bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək.
"Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib." Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan mediasının inkişafı məni çox sevindirir: "Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram. Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir".
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı milli mətbuatımıza olan qayğının daha bir təzahürüdür. Sərəncama əsasən, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə bir qrup mətbuat işçisi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 1-ci dərəcəli "Əmək" ordeni, 3-cü dərəcəli "Əmək" ordeni, "Tərəqqi" medalı, "Əməkdar jurnalist" fəxri adı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüblər.
İŞIQ ÜZÜ GÖRƏN ÇOXSAYLI NƏŞRLƏR TARİXİMİZİN GÜZGÜSÜ OLDU
1875-ci ilin 22 iyul tarixində təməli qoyulan milli mətbuatımız Azərbaycanın ictimai-mədəni həyatında böyk əks-səda doğurdu. Milli mətbuatımızın təməlini qoyan "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr olundu və beləliklə, 147 illik tarixi yolda Azərbaycan mətbuatı öz sözünü demiş oldu. Qəzetin naşiri, redaktoru, korrektoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Belə bir dövrdə qəzetin təməlini qoymaq böyük ziyalılıq, vətənpərvərlik tələb edirdi: iki ali dəyəri özündə birləşdirən Həsən bəy Zərdabi əsrlərə qovuşacaq bir yeniliyə, ilkə imza atmış oldu. Əlbəttə ki, hünər, cəsarət tələb edən bir zamanda təqibləri gözünə almayan ziyalının görkəmli simalar məsləkdaşı, silahdaşı oldu. Bu adlar sırasında imzası Azərbaycan ictimai-mədəni mühitinə yaxşı tanış olan insanlar - Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi simalar var idi. Dövrünün görkəmli maarifçiləri olan bu və ya digər şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Bir tribunaya çevrilən "Əkinçi" qəzetində elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar yer alırdı. Canlı xalq dilinə əsaslanan qəzet sadə və anlaşıqlı bir dildə oxucularının görüşünə gəlirdi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz işlər görürdü.
XALQIMIZIN MƏDƏNİYYƏT TARİXİNDƏ BÖYÜK AD QOYAN "ƏKİNÇİ"
Məlum olduğu kimi, qəzetin cəmi 56 sayı işıq üzü gördü və qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edildi. Cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyan "Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. İlk cığır açan "Əkinçi"dən sonra 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə, o, çapını dayandırır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı işıq üzü görür. XX əsrdə isə, Azərbaycan dilində çıxan qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdu. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri danılmazdır. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı.
Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolunu qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyli tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir.
AZƏRBAYCAN MEDİASININ SÜRƏTLİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Dövlət başçısının çıxışlarının birində bildirdiyi kimi, "XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur."
Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. "Jurnalistlərin dostu" adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.
"BİZİM MEDİA İŞÇİLƏRİNİN ƏHATƏ DAİRƏSİ NƏ QƏDƏR ÇOX GENİŞ OLARSA, ÖLKƏ HAQQINDA O QƏDƏR DƏ DƏQİQ, DOLĞUN VƏ ƏDALƏTLİ MƏLUMAT DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILA BİLƏR"
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafına xüsusi diqqət ayırır.
Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətdir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemlidir. "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etmiş oldu.
"BİZİM MEDİAMIZ ARTIQ İSTƏNİLƏN XOŞAGƏLMƏZ, İFTİRA KAMPANİYASINA CAVAB VERMƏYƏ QADİRDİR"
Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. "Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır", - deyə Azərbaycan Prezidenti bildirib.
Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi, mətbuatımız öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. "Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir, - deyə çıxışlarının birində bildirən dövlət başçısı qeyd edib ki, Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır:"Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər". Azərbaycan Prezidenti onu da qeyd edib ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
İNFORMASİYA MÜHİTİ GÜNDƏN-GÜNƏ MODERNLƏŞİR
Azərbaycan dövləti tərəfindən hər zaman azad söz, azad mətbuat problemlərini həlli istiqamətində addımlar atılır. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb. Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır.
Əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək də vəzifələri sırasına daxil edilib. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Bu gün artıq mətbuatımızın 150-ci ildönümünü qeyd edirik. Mətbuat Günü təkcə jurnalistlərin yox, bütövlükdə, cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var.
ZÜMRÜD BAYRAMOVA