Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 32 illiyi ilə əlaqədar tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.Öncə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək təşkilatın 32 illiyi münasibətilə partiyanın hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. O, tədbir iştirakçılarına təşkilatın keçdiyi yol, son illərdəki fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Təşkilat sədri bildirib: “1992-ci il noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, regional inkişaf siyasətinin və milli maraqlara əsaslanan strategiyanın uğurla reallaşdırılmasına böyük töhfə verir. YAP Saatlı rayon təşkilatının ərazi partiya təşkilatlarının say və fəallığının artması, gənclərin və qadınların ictimai-siyasi həyatda daha fəal iştirakı davamlı uğurlar üçün möhkəm təməlin formalaşdığını nümayiş etdirir”.Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası çətin və ziddiyyətli dövrlərdə Azərbaycanı sabitliyə və inkişafa aparan yolun əsas siyasi dayağına çevrilib. Qeyd olunub ki, partiyanın uğurlu olmasının əsas amillərdən biri ideoloji sabitlik, prinsipial mövqe və xalqla sıx təmasdır. O əlavə edib ki, partiya veteranlarının topladığı təcrübə və dövlətçiliyə bağlılıq nümunəsi gənc nəsil üçün bir örnəkdir və bu mənəvi körpü davamlı şəkildə qorunacaqdır.Tədbirdə YAP Saatlı rayon təşkilatının sabiq sədri, partiya veteranı Lütvəli Şıxəliyev və YAP fəalı Gözəl Əliyeva çıxışlarında Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu vurğulayıblar.Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və təşəkkürnamələr təqdim edilib. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.