Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda cari ildə ali məktəbə qəbul olunan və birinci sinfə gedən şəhid övladları ilə görüş keçirib.
Görüşdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib.
Tədbirdə dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən uğurlu tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin övladları xalqımızın əmanətidir və onların qayğısız böyüməsi, təhsil alması üçün dövlət tərəfindən bütün tədbirlər görülür.
Natiqlər çıxışlarında tələbə adını qazanan məzunları, məktəb həyatının başlanğıcında olan birinciləri, həmçinin valideynlər və müəllimləri təbrik ediblər. Gənclərə biliklərə dərindən yiyələnməyi, təhsil illərini yüksək göstəricilərlə başa vurmağı və Vətənə sadiq vətəndaş olmağı arzulayıblar.
Görüşün sonunda Milli Məclisin deputatı Anar Məmmədov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ali məktəbə qəbul olunan şəhid övladlarına fəxri fərman və hədiyyələr, birinci sinfə gedən şəhid övladlarına isə məktəbli ləvazimatları təqdim ediblər.