Prezident İlham Əliyev: Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik.
2020-ci ilin sentyabrında başlayıb 44 gün davam edən Vətən müharibəsi digər işğal altında olan torpaqlarımız kimi, Hadrutu da azadlığına qovuşdurdu. 9 oktyabr Azərbaycan tarixinə Hadrutun azad olunması kimi qızıl hərflərlə yazıldı. Bu gün Hadrutda Azərbaycan bayrağı dalğalanır və bu bayrağın dalğası altında yurd yerimizə yeni həyat gəlir. Burada aparılan bərpa işləri Hadruta yeni həyatın verilməsi ilə yanaşı, həm də sakinlərinin hər birinin tezliklə ata-baba ocaqlarına qayıtmasına xidmət edir.
Hadruta qısa səyahət...
Hadrut-təbiətin iki çayın arasına sığdırdığı bu qədim Azərbaycan torpağı adının mənasından və coğrafiyasından da göründüyü kimi, həm də təbiətin bütün gözəlliklərini özündə ehtiva edir. Bu yurd yeri zaman-zaman milli ənənələrimizi qorumuş, xalçaçılıq, baramaçılığı, ticarəti və müxtəlif sənətkarlıq növlərini, xalqımıza məxsus əkinçilik mədəniyyətini yaşatmışdır.
Dəqiq salınma vaxtı məlum olmayan qəsəbə həm qədim, həm də orta əsr dövrünə aid abidələrlə zəngin olub. Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nayihəsinin Hadrut kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi.
1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki sakininin təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülməsi, 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanasının fəaliyyət göstərməsi Hadrutun inkişaf etmiş bir ərazi olduğunu şərtləndirir.
Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul idi. Hadrutda o dövrdə iki bazar, kilsə, ikiillik məktəb, birillik prixod məktəbi, zemstvo əczaxanası və teleqraf stansiyası fəaliyyət göstərirdi.
1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (hazırda bu muxtariyyət ləğv olunub) tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir. Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi.
Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik edib.
1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilib. 2 oktyabr 1992-ci ildə -Birinci Vətən müharibəsi zamanı separatçı erməni qoşunları Hadrutu ələ keçirmişdi.
Beləliklə, 30 ilə yaxın...
Ermənilərin havadarlarından aldıqları dəstəklə digər torpaqlarımız kimi, Hadrut da işğal olunmuşdu. Hadrut sakinləri də minilliklər boyu diş-dırnaqları ilə qurub-yaratdıqları ev-eşiklərini, həyat-bacalarını, mal-heyvanlarını, əkin sahələrini bar üstündə qoyub düşmən tərəfindən silah gücü ilə doğma ocaqlarını tərk etmişlər.
Hadrut sakinləri 30 ilə yaxın idi ki, yurd həsrəti ilə, bir gün doğma el-obalarına qayıtmaq ümidi ilə yaşayırdı. Hadrut sadəcə onların yuxularının Hadrutu olmuşdu. 30 ilə yaxın idi ki, yurd həsrəti sinələrinə dağ çəkirdi...
Erməni adlı xislətsiz, nankor isə torpaqlarımızı talan edir, yeraltı-yerüstü sərvətlərimizi daşıyıb satır, abidələrimizi, sosial obyektləri dağıdır, illərlə insanların min bir arzu ilə özünə qurduğu yuvaları məhz edir, daşı daş üstündə qoymurdu.
Bütün bunları bilirdi hadrutlular. O səbəbdən bağırları çatlayırdı. Yurdlarında qoyub gəldikləri hər şey onların doğması idi, əllərinin zəhməti idi, reallaşan, lakin qısaömürlü arzuları idi.
Lakin o gün gələcəkdi, torpaqlarımız işğaldan azad olunacaqdı. Mərdliyi, igidliyi, qəhrəmanlığı ilə tarixə imzasını atan azərbaycanlılar torpaqlarını erməni işğalı altında qoymayacaqdı ki... Lakin bunun zamanı çatmalı idi, buna hazır olmalı idik. Olduq da. 2020-ci ildə Ali Baş Komandanın ətrafında birləşən xalq müzəffər sərkərdənin rəhbərliyi ilə torpaqlarımızı bir-bir azad etdi. Üçrəngli bayrağımız azad ellərə sancıldı. Düşmən qovulub torpaqlarımızdan çıxarıldı. Hadrut da azadlığına qovuşdu. Bu xəbər hadrutluların sevincinə, xoşbəxtcəsinə nəfəs almasına səbəb oldu.
Hələ müharibə bitməmişdi, dövlətimizin başçısının tapşırığına əsasən artıq azad edilmiş ərazilərdə bərpa işlərinə start verilmişdi. Hadrut müharibənin ilk ongünlüyündə azad edildiyi üçün burada da müəyyən işlərə başlanmışdı.
Bu gün artıq Hadruta yeni həyat bəxş olunur. Hadrutlular doğma yurdlarına qayıdıb və yaxın zamanda onların hər birinin qayıtması da reallaşacaq. Sentyabrın 14-də dövlətimizin başçısı cənab İlham Əliyevin Xocavənd rayonuna səfəri çərçivəsində gördüklərimiz bunu söyləməyə imkan verir.
10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb
Hadrut qəsəbəsi də digər torpaqlarımız kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Sentyabrın 14-də qəsəbədə olan dövlətimizin başçısına burada həyata keçirilmiş işlər barədə məlumat verilib: “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.
Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək.
Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurduna qayıdıb.
Dövlətimizin başçısı qəsəbə sakini Zahid Mustafayevin evində olub, ailə üzvləri ilə söhbət edib.
Dini-tarixi abidələrimiz bərpa olunur
Yurd yerlərimiz işğal ediləndən sonra düşmən bu torpaqlardakı sosial, ictimai binalarla yanaşı, həm də mədəni və dini abidələrimizi də dağıtmış, yerlə yeksan etmişdir.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görür.
Dövlətimizin başçısı tərəfindən Hadrut qəsəbəsində 2021-ci ilin oktyabrında təməli qoyulan yeni məscidin inşası başa çatdırılıb. Prezident İlham Əliyev Qarabağa budəfəki səfəri zamanı məscidin açılışında iştirak edib.
Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.
Açılış zamanı “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşev dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə də məlumat verib: hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.
Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur
Prezident İlham Əliyevin hər dəfə Qarabağa və Şərqi Zəngəzura səfəri zamanı onlarla yeni sosial ünvan həyata vəsiqə alır. Sentyabrın 14-dən başlanan səfər də artıq bir neçə rayonun qəsəbə və kəndlərində yeni ünvanların sakinlərin istifadəsinə verilməsi ilə nəticələnib. Eyni zamanda yeni kəndlərin, obyektlərin təməli qoyulub.
Dövlətimizin başçısı səfər çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə də görüşüb. Ölkə rəhbərinin sakinlər qarşısında çıxışı qürurverici anları ilə hər kəsin yaddaşına həkk olub: Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın.
***
Bütün bunları seyr etdikcə ürəyimiz dağa dönür. Hansı ki, ürəyimizə 30 il dağ çəkilmişdi. Düşmən ərazilərimizdə daşı daş üstündə qoymamışdı. Tariximizin, mədəniyyətimizin məhvi üçün min bir oyuna, xəyanətə əl atmışdı. Bu baxımdan azad edilən torpaqlarımızın hər birində gördüklərimizi böyük sevinc və xoşbəxtliklə qarşılayırıq. Yeni həyatın astanasında olan Hadrut kimi...
Budur, Hadrutun üzü gülür. Onu azad edən ordunun müzəffər sərkərdəsi bu gün də qədim yurd yerinin bərpasını, yaxın gələcəkdə sakinlərinin hər birinin ona qovuşmasını təmin edir.
Baxdıqca qürur duyuruq. Qürur duyuruq ki, torpağımızın hər bir qarışını sevən, qoruyan, əzizləyən dövlət başçımız var. Axı biz bu torpaqları 90-cı illərdə satanları da görmüşdük. Prezidentimiz onların səhvini düzəltməklə yanaşı, həm də bu xalqın nümayəndələrini öz doğma ocaqlarına qovuşdurmağa çalışır.
Bu işlər asan işlər deyil. Böyük zəhmətin, məsuliyyətin, bacarıq və qabiliyyətin, bir də Vətən sevgisinin bəhrəsidir. Bax, qüruru da məhz buna görə duyuruq. Bir də ona görə qürur duyuruq ki, həqiqətən də bu gün dünyanın heç bir yerində Qarabağda və Zəngəzurda gedən quruculuq işləri yoxdur.
Mətanət Məmmədova