2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri, ölkənin milli təhlükəsizliyi və ərazi bütövlüyü baxımından yeni bir dövrün başlanğıcını qoydu. Cəmi 23 saat davam edən bu əməliyyat, həm hərbi planlama, həm də siyasi nəticələr baxımından Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu.
Uzun illərdir ki, Azərbaycanın suveren ərazilərində qanunsuz şəkildə fəaliyyət göstərən erməni silahlı birləşmələri regionda sabitliyə ciddi təhdid yaradırdı. 2023-cü il sentyabrın 19-da bu qüvvələr tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan Ordusu lokal antiterror tədbirlərinə start verdi. Əməliyyatın əsas məqsədi Ermənistan silahlı qüvvələrinin qalıqlarını zərərsizləşdirmək, qanunsuz silahlı birləşmələri tərksilah etmək və Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa etmək idi.
Yüksək peşəkarlıqla icra olunan əməliyyat nəticəsində Azərbaycan Ordusu qısa zaman ərzində qarşısına qoyulan bütün tapşırıqları uğurla yerinə yetirdi. Nəticədə Qarabağ bölgəsində dövlət suverenliyi tam şəkildə bərpa olundu, Azərbaycanın üçrəngli bayrağı Xankəndi də daxil olmaqla bütün bölgədə dalğalanmağa başladı.
Bu tarixi hadisənin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin sentyabrın 19-da imzaladığı sərəncamla 20 Sentyabr tarixini Dövlət Suverenliyi Günü elan etdi. Bu qərar, həmin günün milli yaddaşda əbədi olaraq yaşadılmasına zəmin yaratdı.
Antiterror tədbirləri təkcə hərbi nəticələr doğurmadı, eyni zamanda siyasi baxımdan da vacib reallıqlar yaratdı. Uzun illər ərzində Azərbaycanın inteqrasiya və dialoq təkliflərini rədd edən erməni icmasının nümayəndələri, əməliyyatlardan dərhal sonra Yevlax şəhərində rəsmi danışıqlara qatılmağa məcbur oldular. Bu addım, regionda yaranmış yeni siyasi reallıqların və Azərbaycanın suverenliyinin qəbul edilməsinin açıq göstəricisi oldu.
Sentyabrın 28-də isə separatçı rejimin rəhbəri Samvel Şahramanyan "Dağlıq Qarabağ Respublikasının" ləğvi ilə bağlı sənəd imzaladı. Bu sənəd, Azərbaycanın ərazisində illərlə davam edən qeyri-qanuni rejimin və separatizmin rəsmi sonu kimi tarixə düşdü.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfər etdi. Bu şəhərlərdə Azərbaycan bayrağının ucaldılması, yalnız simvolik deyil, həm də real suverenliyin bərpa olunmasının rəmzi ifadəsi idi. Bu hadisə, Azərbaycan dövlətinin ərazisində yeganə qanuni hakimiyyətin öz dövlətinə məxsus olduğunu bütün dünyaya nümayiş etdirdi.
19-20 sentyabr tarixli antiterror əməliyyatı təkcə hərbi qələbə deyil, həm də milli birliyin, dövlət iradəsinin və beynəlxalq hüquqa əsaslanan siyasətin qələbəsi kimi qiymətləndirilir. Bu əməliyyatla Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, eyni zamanda daxili sabitliyini və konstitusion sistemini tam bərpa etmiş oldu.
Bu uğur, gələcək nəsillərə örnək olacaq bir milli dirçəliş və öz suverenliyini qorumağın parlaq nümunəsidir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi