PDF Oxu

Siyasət

  • 815

27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı ŞƏRH

image

Ölkəmizin son iki əsrdə keçdiyi tarixi yol erməni daşnaqlarının Azərbaycan dövlətinə, xalqımıza qarşı düşmənçilik əməllərinə şahidlik edib. Erməni millətçilərinin yaşadığımız coğrafiyada planlı şəkildə həyata keçirdiyi soyqırımları, etnik təmizləmə və deportasiya siyasətinin qanlı izləri tariximizdə, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb. Havadarlarının yaxından dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarında məskunlaşan və özlərinə dövlət quran erməni millətçiləri məkrli planlarını hər fürsətdə azərbaycanlıların yaşadıqları böyük coğrafiyada reallaşdırmağa nail olublar. Qarabağa və digər tarixi Azərbaycan torpaqlarına ermənilərin çar Rusiyası dövründən köçürülməsi ilə xalqımıza qarşı başlanmış düşmənçilik siyasəti 200 ildən çox davam edib. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən xalqımızın toponimlərini dəyişməyə, münbit əraziləri ələ keçirməyə və azərbaycanlıları sıxışdırmağa başlayıblar. Çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü siyasətə uyğun olaraq tarixi Azərbaycan torpağı olan Qarabağa İrandan və bəzi Yaxın Şərq ölkələrindən köçürülən ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük sərgiləməyə başlayıblar. XX əsrin əvvəllərində Rusiyanı bürümüş inqilabi hərəkatlar səbəbilə yaranmış şəraitdən sui-istifadə edən erməni qəsbkarları ifrat millətçilik üzərində qurulmuş daşnaksütyun siyasətinə uyğun olaraq Azərbaycana qarşı əsl qətliamlar törədiblər. Daşnaklar mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə XX əsrdə 4 mərhələ üzrə –1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq etməklə soyqırımları həyata keçiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə-yeksan edilib. 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Sonrakı illərdə Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan Qafqaz coğrafiyasında monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu hadisələr on minlərə günahsız insanın ölümünə, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsinə səbəb olub. XX əsrin 90-cı illərinin əvvəllərində sovet imperiyasının dağılması digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaosa səbəb oldu. Xarici havadarların hərbi-siyası dəstəyi ilə Azərbaycanın hərbi təcavüzə məruz qalması, erməni millətçilərinin xalqımıza qarşı amansız soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizi işğal olundu, bir milyondan artıq azərbaycanlı öz yer-yurdundan didərgin düşdü. Azərbaycanın münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün uzun illər ərzində beynəlxalq səviyyədə apardığı danışıqlara baxmayaraq torpaqlarımızın işğalı 30 il davam etdi. Beynəlxalq hüquq normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi canayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resuraslarını talan etdi, tarixi dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bunlara baxmayaraq bu ərazilər Azərbaycanın ərazisi olaraq tanınırdı. Münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş qondarma ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və buna görə də illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Bu dövrdə Azərbaycana qarşı mənfur “ikili siyasət” həyata keçirildi. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Prezident İlham Əliyev sonralar beynəlxalq birliyin ölkəmizə qarşı “ikili siyasət” prinsipini kəskin tənqid edib: “Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi”. Azərbaycan isə bütün bunlara baxmayaraq beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. Baxmayaraq ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri cəmi bir neçə gün ərzində icra olunur, lakin Azərbaycana gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Yalnız 2020-ci ilin payızında son iki yüzilin ən möhtəşəm hadisəsi baş verənə kimi düşmən ölkənin Azərbaycana qarşı aqressiv əməlləri davam etdi. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Rəsmi İrəvanın işğalçılıq siyasəti və saxtakarlığı artıq müharibəni qaçılmaz etdi. Məhz həmin günlərdə Azərbaycanın ərazi bütövlüyünü pozan, insanlarımızı qətlə yetirən, tarixi torpaqlarımızda dağıdıcı, fitnəkar, cinayətkar əməllərindən əl çəkməyən düşmən dünya birliyinin gözü qarşısında öz layiqli cəzasını aldı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ, nəhayət, bərpa etdi! Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca əks-hücum əməliyyatlarına başladı. Düşmənin aqressiv hücumlarının qarşısını qətiyyətlə alan Milli Ordumuz 44 günlük Vətən müharibəsində əsl Zəfər salnaməsi yazdı. Rəşadətli Ordumuz diplomatiyanın 30 ildə yoluna qoya bilmədiyi bu münaqişəni Azərbaycan xalqının milli iradəsi, səfərbərliyi, qəhrəman övladlarının hərbi gücü ilə birdəfəlik həll edərək düşmən üzərində qələbə çaldı, tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların yaşayış məntəqələri işğaldan azad edildi. Beləliklə də, Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı, qətiyyətli iradəsi və siyasi uzaqgörənliyi sayəsində Prezident İlham Əliyev Ali Baş Komandan kimi bu tarixi missiyasını da mükəmməl yerinə yetirərək Böyük Zəfəri təmin etdi. Son illərdə ölkənin hərbi potensialını möhkəmləndirməklə, müdafiə sənayesini zamanında qurmaqla, neft gəlirlərini həm də ölkənin hərbi gücünün daha da artırılmasına yönəltməklə, müasir ordu sistemi yaratmaqla, xaricdən modern hərbi silahlar almaqla Azərbaycan son yüz ildə regionda təcavüzkar siyasətin başlıca ünvanı olan Ermənistanı diz çökdürdü, ərazi bütövlüyümüz bərpa olundu. Elə həmin il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında İlham Əliyev bildirirdi: “Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi”. Tarixi Qələbənin zirvəsi isə noyabrın 8-də Şuşanın azad olduğu tarixi gün oldu. Qəhrəman Ordumuz dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Şuşanın azadlığı həm də müharibənin sonunu gətirdi və Zəfərin qəti tarixini müəyyənləşdirdi. Şuşanın azad olunması düşmən üçün kapitulyasiya, Azərbaycan üçün yekun Qələbə idi. Üçtərəfli 10 noyabr Bəyanatı imzalandı, bununla da münaqişənin hərbi fazası başa çatdı, proses sülh danışıqları mərhələsinə keçdi. Bu Bəyanatın müddəalarına uyğun olaraq 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda Laçın şəhid vermədən düşməndən döyüşsüz geri alındı. Nəhayət, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Qələbəmizin məntiqi davamı oldu. 44 günlük Zəfər tarixinin əsas nəticələri isə bunlar idi: - Azərbaycan rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə sonqoydu. - Ermənistanın böyük xəyalları, özgə torpaqları hesabına genişlənmək kimi çirkin niyyətləri tarixin zibilliyinə atıldı. - Azərbaycan Qarabağda terrorun hökmünü aradan qaldırdı, düşmənin bütün məkrli planlarını pozdu, xalqının haqqını öz gücü ilə qorumağı bacardı. - Azərbaycan torpaqlarını işğalçılardan təmizlədi və Böyük Zəfərə imza atdı. Daha sonra, 2023-ci il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Artıq Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Beləliklə, hər şey “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” - söyləyən Ulu Öndər Heydər Əliyevin dediyi kimi oldu. Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinə öz imzasını qoydu və layiqli siyasi varis olduğunu sübut edərək ata vəsiyyətini yerinə yetirdi. İkinci Qarabağ müharibəsində şanlı Zəfər bütün dünyada ədalətin təntənəsi oldu. 44 gün ərzində Müzəffər Ordumuzun son 30 ildə əzəli torpaqlarımızda qanunsuz məskunlaşan düşməni məhv etməsi dünyanın siyasi, hərbi dairələrində geniş əks-səda yaratdı. Bu barədə Prezident İlham Əliyev sonralar deyirdi: “Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm bizim hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur. …İkinci Qarabağ müharibəsindən keçən bu iki ildən bir qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla çoxlu görüşlərim olub və deyə bilərəm ki, onların mütləq əksəriyyəti soruşurdu, bu necə oldu, siz bu Qələbəyə necə nail oldunuz? Mən də deyirdim ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər”. Vətən müharibəsindəki Zəfərimiz bölgədə yeni reallıqlar yaratdı. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq işlərinə başlandı, yaşayış kompleksləri tikilib istifadəyə verildi, yeni kəndlərin, məktəblərin təməli qoyuldu, yeni təhsil müəssisələri müəllim və şagirdlərin istifadəsinə verildi, yüzlərlə ailə doğma yurda qayıtdı. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir. Böyük Zəfər milli ruhun oyanması və qədim torpaqlarımızla bağlı yeni hədəflərin və strategiyaların hazırlanmasını zərurətə çevirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağ tezliklə cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin vüsəti də bunu deməyə əsas verir.

Aytən Qurbanova

YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Digər xəbərlər