Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər böyük bir inkişaf yolu keçibdir. Bu inkişafın və uğurların əhəmiyyətli bir hissəsi isə cənab İlham Əliyevin dövlət başçısı olduğu dövrə təsadüf edir.Ölkəmizə rəhbərlik etdiyi illər ərzində cənab İlham Əliyev özünü çox bacarıqlı siyasətçi kimi təsdiq edə bildi. Onun sədrliyi dövründə partiyamız daha da möhkəmlənərək ümumxalq partiyasına çevrildi. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur.
Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır.Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, uğurlu xarici siyasət kursu və sabit diplomatik münasibətlər İlham Əliyev erasının mühüm göstəricilərindəndir. Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf etdirilməsi İlham Əliyevin xarici siyasət kursunun reallığı və böyük uğurudur.
Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gözəl gələcəyinin təməlini qoydu, cənab Prezident İlham Əliyev isə bu təməlin üzərindən müasir Azərbaycanı inşa etdi. Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin bütün Avrasiya məkanında gedən proseslərə müdaxilə etmək imkanı olan söz sahibidir.
Biz dəyərlərin, həyata baxışların, yaşam prinsiplərinin sürətlə dəyişdiyi əsrdə yaşayırıq. Bu məqamda nəsillərin bir amal uğrunda vəhdəti, onların ideya mirasına sadiqliyi ən vacib şərtdir. Prezident İlham Əliyev nəsillərin vəhdətini yaratmış liderdir. O, xalqı şərəfli missiya uğrunda kökləmək məharətinə malikdir. Vətən müharibəsi müddətində hər birimiz bu köklənmiş qürur və fəxarət dolu hadisələrin şahidi olduq.
Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.Bu Zəfərin qazanılması Azərbaycan qarşısında yeni geniş perspektivlər açdı.
Prezident İlham Əliyev müharibədə göstərdiyi qətiyyət və əzmkarlığı quruculuq və bərpa prosesində də eyni ardıcıllıqla nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə mühüm infrastruktur layihələri ilə yanaşı, yaşayış kompleksləri və sosial obyektlər inşa edilərək istifadəyə verilir, yeni layihələrin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış” proqramının geniş və davamlı perspektivlərindən xəbər verir.Hədəf daha güclü Azərbaycandır! Bu hədəfə isə məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə çatmaq mümkündür.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri