PDF Oxu

Siyasət

  • 605

27 sentyabr – Anım Günü: milli qürur və şərəf tariximiz FOTO

image

Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bu gününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür. 27 Sentyabr Azərbaycan xalqının yaddaşına həm hüzn, həm də qürur günü kimi yazılıb. Bu gün təkcə bir tarix deyil, həm də xalqımızın milli qürurunun, vətənpərvərlik ruhunun, əbədiyaşar qəhrəmanlıq tarixinin və dövlətçilik irsinin simvoludur. Anım Günü yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə milli dəyərləri, vətənpərvərlik ruhunu və tarixi şüuru ötürmək üçün xüsusi bir gündür. Bu gün Azərbaycan xalqı öz qəhrəman şəhidlərini, onların fədakarlığını, canlarını torpaq uğrunda fəda etməsini yad edir, eyni zamanda dövlətçilik tarixində qazanılmış uğurların, qürurverici zəfərlərin əhəmiyyətini bir daha dərk edir.

Azərbaycan xalqı uzun illər torpaq həsrəti ilə yaşamış, Qarabağın işğalı millətimizin hər bir fərdinin qəlbində dərin ağrı, həsrət və nisgil kimi kök salmışdır. Bu ağrı yalnız fiziki və coğrafi itki ilə ölçülmürdü, o, həm də hər bir ailənin, hər bir insanın ruhunda özünü göstərirdi. Lakin xalqın ruhunda bu ağrı ilə yanaşı ümid də var idi, inam da var idi. Bu inamın formalaşmasında Ulu Öndər Heydər Əliyevin böyük siyasi dühası, müdrik dövlətçilik irsi və xalqı gələcəyə doğru yönəldən uzaqgörən siyasəti həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, müstəqil dövlətin möhkəm təməlini qoydu, ordu quruculuğunun əsaslarını yaratdı, xalqda dövlətinə və ordusuna inamı formalaşdırdı. Bu inam və etibar sonradan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında reallığa çevrildi və Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazandı.

1990-cı illərin əvvəlləri Azərbaycan üçün tarixi baxımdan çox mürəkkəb dövr idi. Sovet İttifaqının dağılması ilə əlaqədar yaranan siyasi və iqtisadi böhran, daxildəki xaos, hakimiyyətsizlik, separatizm və etnik qarşıdurmalar ölkəni uçuruma sürükləyirdi. Bu dövr Azərbaycan xalqı üçün yalnız itkilər, ağrılar və böyük həsrət ilə yadda qaldı. Lakin xalqın sarsılmaz iradəsi, azadlıq və müstəqillik arzusu, dövlət qurmaq əzmi və milli birlik istəyi dövlətin bərpasında və gələcəyin formalaşmasında həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyev xalqın bu sarsılmaz iradəsinə arxalanaraq xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, Azərbaycanı parçalanmaqdan xilas etdi, dövlətçiliyi qorudu və möhkəmləndirdi. Onun uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın siyasi-iqtisadi əsasları quruldu, ordu quruculuğu istiqamətində sistemli addımlar atıldı. Hərçənd o dövrdə regionda geosiyasi şərtlər və beynəlxalq münasibətlər imkan vermirdi ki, Azərbaycan işğal olunmuş torpaqlarını dərhal azad etsin, lakin Ulu Öndər gələcəyin qələbə strategiyasını hazırladı, güclü dövlət konsepsiyasını yaratdı və xalqı bu məqsədə doğru səfərbər etdi. Onun siyasəti həm də xalqın milli ruhunu yüksəltdi, gələcəyə inam hissini möhkəmləndirdi, dövlət və xalq arasında sıx bir birlik yaratdı.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik kursunu uğurla davam etdirərək onu yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan regionun ən güclü, inkişaf etmiş, strateji baxımdan əhəmiyyətli dövlətinə çevrildi. İqtisadiyyat sürətlə inkişaf etdi, sənaye və kənd təsərrüfatı sahələrində ciddi islahatlar aparıldı, beynəlxalq standartlara cavab verən hava limanları, yollar, sənaye parkları, enerji və kommunikasiya xətləri inşa edildi. Paralel olaraq, güclü ordu quruldu, müasir silah və texnologiyalar ölkənin müdafiə qabiliyyətini maksimum səviyyəyə çatdırdı. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusundan biri olaraq öz mövqeyini təsdiqlədi. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, dəmir iradəsi, xalqla hakimiyyətin sıx birliyi 2020-ci ilin payızında tarixi qələbəyə yol açdı.

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biridir. 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, Şuşa şəhəri və yüzlərlə kənd, strateji yüksəklik işğaldan azad edildi. Xalq “Dəmir Yumruq” ətrafında sıx birləşərək həmrəylik nümunəsi göstərdi. Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, döyüşçülərin igidliyi və Prezident İlham Əliyevin siyasi-hərbi liderliyi nəticəsində Azərbaycan 30 illik ədalətsizliyə son qoydu, Qarabağın böyük hissəsi işğaldan azad edildi. Bu qələbə yalnız hərbi deyil, həm də siyasi, diplomatik və beynəlxalq uğur idi. Azərbaycan döyüş meydanında qazandığı uğurları diplomatiya masasında da möhkəmləndirdi, beynəlxalq ictimaiyyətin diqqətini ərazilərin işğaldan azad olunmasına yönəltdi, hüququ və ədaləti bərqərar etdi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olmuşdur. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.

İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şanlı səhifəsini yazan Azərbaycan ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu təşkilatlarının 30 ildə edə bilmədiklərini 44 gündə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edən Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu. 8 noyabr 2020-ci ildə Qarabağın tacı, Azərbaycanın döyünən urəyi Şuşamızın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu

Qələbədən sonra qarşıda yeni mərhələ başladı – dövlət suverenliyinin tam bərpa olunması və ərazi bütövlüyünün təmin olunması. 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu lokal antiterror əməliyyatı keçirərək separatçı rejimin qalıqlarını birdəfəlik olaraq məhv etdi. Bu əməliyyat cəmi 24 saatdan az müddətdə uğurla başa çatdı. Ordumuzun dəqiqliyi, peşəkarlığı, xalqın dəstəyi və Ali Baş Komandan İlham Əliyevin iradəsi nəticəsində separatçılar təslim oldu, onların silahları müsadirə edildi, qondarma rejim ləğv edildi. Bu əməliyyat Azərbaycanın tarixi missiyasının tamamlanması, suverenliyin və ərazi bütövlüyünün tam bərpası demək idi.

15 oktyabr 2023-cü ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə və digər ərazilərimizdə Azərbaycan bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində qürurverici və milli ruhu yüksəldən bir səhifə oldu. Xankəndidə və digər ərazilərimizdə bayrağımızın dalğalanması Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqın iradəsinin və əbədiyaşar müstəqilliyinin simvolunu ifadə edirdi. Bu gün Azərbaycan xalqının ən böyük arzusu gerçəkləşmiş, müstəqilliyimiz və suverenliyimizin möhkəm təməli atılmışdır.

Azərbaycanın dövlətçilik tarixində mühüm günlərdən biri də 20 Sentyabr Dövlət Suverenliyi Günüdür. Bu gün xalqın milli iradəsinin, azadlıq və müstəqillik əzminin rəmzidir. 1990-cı illərdə xalqımızın mübarizəsi, dövlət qurmaq arzusu və milli azadlıq uğrunda səyləri bu günkü uğurlarımızın bünövrəsini qoymuşdur. İndi isə Suverenlik Günü tamamilə yeni məzmun kəsb edir, çünki Azərbaycan artıq yalnız müstəqilliyini qoruyan dövlət deyil, həm də suverenliyini tam bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş, regional və beynəlxalq münasibətlərdə nüfuz sahibi olan qüdrətli ölkədir. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin sentyabr ayının 19-da imzalanmış “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam yalnız bir inzibati akt deyil, tarixi və siyasi mahiyyətinə görə milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri hesab olunur.

Azərbaycanın regionda və beynəlxalq münasibətlərdə rolu günü-gündən artır. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi tarixi hadisə idi. Bu sənəd Cənubi Qafqazda uzunmüddətli sülhün əsasını qoydu. Azərbaycan qalib dövlət kimi öz şərtlərini qəbul etdirdi, ədalətli sülhün bünövrəsini möhkəmləndirdi. Bu saziş Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, diplomatik məharətinin və qlobal miqyasda nüfuzunun nəticəsi idi.

Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri başladı. Azərbaycan dövləti böyük maliyyə resurslarını bu torpaqların dirçəldilməsinə yönəltdi. Müasir infrastruktur layihələri – yollar, dəmir yolları, hava limanları, enerji xətləri, məktəblər, xəstəxanalar, sosial obyektlər sürətlə inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, torpaqlar canlanır, həyat bərpa olunur. Bu, həm də şəhidlərimizin ruhuna ən böyük ehtiramdır, onların qanı ilə azad olunmuş torpaqlar abad və firavan diyara çevrilir.

Əldə olunan Qələbələr xalqımıza milli qürur, həm də regiona yeni inkişaf imkanları bəxş edib. Azərbaycan qalib dövlət olaraq regional əməkdaşlıqda və beynəlxalq münasibətlərdə söz sahibinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısıdır.

Bu gün biz 27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı, fədakarlığı və canlarını torpaq uğrunda fəda etməsi heç vaxt unudulmayacaq. Şəhidlərimizin qanı bahasına qazanılmış Qələbələr xalqımızın yaddaşında əbədi yaşayacaq. Azərbaycan xalqı onların xatirəsini daim uca tutacaq, gələcək nəsillərə ötürəcək.

Əbədiyaşar dövlətimizin, əbədiyaşar xalqımızın qürur simvolu olan şəhidlərimizə Allah rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik, qəhrəmanlıqları və fədakarlıqları ilə hər zaman qürur duyuruq. Şəhidlərimizin irsi və xatirəsi Azərbaycan xalqının milli vətənpərvərlik ruhunu əbədiləşdirəcək və gələcək nəsillərə örnək olacaqdır. Onların qəhrəmanlığı və əbədiyyət kimi dərin mənası gələcək nəsillərə milli şüur, vətənpərvərlik, dövlətçilik və birliyimizin əhəmiyyətini ötürəcək.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər