PDF Oxu

Siyasət

  • 520

1993-cü il 3 oktyabr: müdrik və tarixi seçim

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter almış, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilmişdir. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabrın 3-dən qoyulub.

Azərbaycanın milli qürur və iftixar tarixi

Bu seçim həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Ona görə də həm də Azərbaycanın milli qürur və iftixar tarixi hesab olunur.

Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradıldı.

1993-cü ildən tarixin qara səhifələri bağlandı və qarşımızda yeni bir səhifə açıldı. Bu səhifə Böyük Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi.

Ulu Öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Bəli, ötən 20 ildən artıq dövrün hər saatında, hər anında Ulu Öndərimizin tapşırıq və tövsiyələrinin yerinə yetirildiyini görürük. Həm də çox yüksək səviyyədə. Bu tapşırıq və tövsiyələrin yerinə yetirilməsində bütün cəmiyyətimizin səfərbər olduğunu da görmək mümkün olub. Çünki Ulu Öndər Azərbaycan üçün nə qədər əzizdirsə, onun tapşırıq və tövsiyələrinin bu xalqın nümayəndələri tərəfindən yerinə yetirilməsi bir o qədər qürurvericidir. Biz bütün işlərdə həmişə dövlətimizin başçısının arxasında olmuşuq.

Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə deyirdi: Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.

Böyük Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ümummilli Liderin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi müstəqilliyimizin xilası oldu

1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvanın sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladığı böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da ermənilər tərəfindən münaqişə törədilir, Bakı-Naxçıvan qatarları dayandırılır, günlərlə işləmir, maşinistlərə qarşı vəhşiliklər edilirdi. Naxçıvan blokada vəziyyətinə salınırdı.

Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”

Beləliklə, Ulu Öndər 1990-cı ildə Naxçıvana qayıtmasaydı, Naxçıvan indi yox idi. Qədim diyar həmin illərin qurbanı olmuş, Qarabağ kimi işğal edilmiş, naxçıvanlılar isə aclıq-səfalət içərisində məhv olmuşdu. Heydər Əliyevin Naxçıvana gəlməsi ermənilər tərəfindən sərhədlərində müharibə aparılan və blokadaya salınan diyarın xilası oldu. Və son 35 ildə Naxçıvanın inkişafı da 1990-cı illərdə Ulu Öndər tərəfindən həyata keçirilən və gələcəyə hesablanmış tədbirlərin nəticəsində reallaşmışdır. Bununla əlaqədar Prezident cənab İlham Əliyevin də dəyərli fikirlərini xatırlamaq yerinə düşər: “Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.

Müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətindir

Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdik­lərimiz canlandıqca, düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan əlləri, gözü ­götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.

Məlumdur ki, 1991-ci ildə bərpa etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyət dövründəki kimi olacaqdı.

Bəli, böyük çətinliklə bərpa olunan müstəqilliyimiz Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, əbədilik qazandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Zaman sübut etdi ki...

Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və müasir dövrə uyğunlaşdıran Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı Lider olduğu bir daha təsdiqini tapır. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi aləmində özünəməxsus yeri ilə seçilir. Bütün dünya dövlətləri onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşır.

2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciət də təkcə Ulu Öndərin deyil, bütövlükdə Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu Öndər bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “...Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Zaman və tarix sübut edib ki, Ulu Öndərimiz siyasətdə heç zaman yanılmayıb. Ötən 22 ildə bunun bir daha şahidi olduq. Azərbaycanın gündən-günə inkişafı, tərəqqisi ilə şahid olduq. Sıravi vətəndaşdan tutmuş müəllimə, həkimə, mühəndisə, elm xadimlərinə, uşaqdan böyüyə hər kəsə qayğıda, ehtiramda gördük. Ölkə rəhbərinin qaçqınına, köçkününə, şəhidinə, qazisinə, ümumilikdə hər bir vətəndaşına qayğısında gördük. Ötən 22 ildə ölkənin iqtisadi gücünün ordu quruculuğuna yönəldilməsində, torpaqlarımızın bir gün işğaldan azad olunması üçün hərtərəfli tədbirlərin həyata keçirilməsində gördük. Nə üçün əsasən, ordu quruculuğu məsələsinin üzərinə gəldim? Çünki ölkəmizdə insanlar illərlə torpaq həsrəti ilə yaşayırdı. Onları ən çox düşündürən yurd yerlərinə qovuşmaq idi. Nə qədər inkişaf etmiş bir ölkədə yaşasalar da, hərtərəfli qayğı ilə əhatə olunsalar da, qaçqınlıq və köçkünlük acısından, yurd həsrətindən özlərini narahat hiss edirdilər. Onlar öz torpaqlarını istəyirdilər. Qarabağ Azərbaycanın yarası idi. Bu yara sağalardısa, Azərbaycan tam ola bilərdi. Bütün bunlar isə dövlətimizin başçısının daim diqqətində olan məsələlər idi.

Azərbaycanın ərazi bütövlüyü təmin edildi

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçısının rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin müasir dövrdə beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizdir. O mənada ki, xalqı çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır. Xalq bir gün öz əzəli torpaqlarını da geri alacaqdı. Həmin günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi Liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin”,- deyən dövlət başçısının əzmini təsdiqlədi. 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi. 10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixinə yazdığı yeni salnamə oldu.

Cənab Prezidentimizin Ulu Öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu isə ölkəmizdə hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır.

Tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri və ölkəmizin bugünkü inkişafı ötən dövrün hər anında Prezidentimizin praqmatik fəaliyyətinin nəticələridir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Bəli, qürur duyuruq ki, Ulu Öndərimizin siyasi yolu uğurla davam etdirilir. Qürur duyuruq ki, 35 ilin fövqündə Azərbaycan bu qədər nailiyyətlər əldə edib.

Mətanət Məmmədova

Digər xəbərlər